• Təqvim

  • Maraq



Qazaxda bu günədək vətəndaşlara 57 min 853 doza vaksin vurulub


Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün keçirdiyi brifinq və açıqladığı qərarlar hər birimiz üçün sevindirici oldu. Belə ki. brifinqdə hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyətin sabitləşdiyi, xəstələrin, xəstəxanalarda olan xəstələrin sayının azaldığı, gündəlik yoluxmaların demək olar ki, sabitləşdiyi qeyd olundu. Bu səbəbdən 31 may və 10 iyun 2021-ci il tarixlərindən etibarən xüsusi karantin rejimi qaydalarında bir sıra yumşalmaların tətbiq ediləcəyi bildirildi. 
Bu gündən açıq məkanlarda maska taxılması tələbi ləğv olundu, Bakı Metropoliteninin və regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa edildi.
Brifinq zamanı söylənildiyi kimi, vətəndaşların vaksinasiya olunması, COVID pasportun olması da olduqca vacibdir.Ən əsası isə COVID pasportlar həm vaksinləşməni sürətləndirəcək, həm də digər məhdudiyyətlərin tezliklə götürülməsinə şərait yaradacaq. Bu da o deməkdir ki, artıq hər iki dozanı qəbul edərək vaksin olunan şəxslər bu doğru seçimin üstünlüklərindən istifadə etməyə başlayacaq. Bu addım həm də məsuliyyətli vətəndaşlar üçün maksimum mövcud imkanlardan yaralanmağa imkan yaradacaq.
Hər kəsə o da yaxşı məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən əhalinin peyvənd olunması da məhz onların sağlamlığının qorunmasına, gələcəkdə həyatın öz axarına düşməsinə xidmət edir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. 
Vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi isə dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirir. Ən əsası da vətəndaşlar COVID-19-a qarşı vaksinasiya olunmaqla, həm özlərini, həm də ətrafdakı insanları bu virusa yoluxmaqdan qorumuş olurlar.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da əhalinin peyvənd olunması prosesi uğurla davam edir. Vaksinasiya prosesi başlandığı gündən indiyədək rayon üzrə vətəndaşlara 57 min 853 doza vaksin vurulub. Birinci doza vaksin vurulmuş şəxslərin sayı 34 min 834 nəfər, ikinci doza vaksin vurulmuş şəxslərin sayı isə 23 min 019 nəfərdir.
 





GOYEZEN.AZ



Facebook-da paylaş