Qazaxda koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan daha 3 nəfər şəxslə bağlı cinayət işi başlanıb
Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı hüquq-mühafizə orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının 01.12.2020-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan daha 3 nəfər şəxsin xüsusi karantin rejiminin tələblərini pozduqları aşkar edilib.
Qazax RPŞ-dən GOYEZEN.AZ-a daxil olan məlumatda bildirilir ki, rayonun Xanlıqlar kənd sakinləri 1970-ci il təvəllüdlü Nəsibov Vüqar Vilayət oğlu,1971-ci il təvəllüdlü İsgəndərov Vaqif Tapdıq oğlu və 1956-cı il təvəllüdlü Məmmədova Nuriyyə Şurəddin qızı COVID-19 virusu ilə bağlı verdikləri testin nəticəsinin pozitiv olduğunu bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduqları halda, dekabrın 1-də şəhər ərazisində müxtəlif ünvanlarda sakinlərlə təmasda olublar. Bununla da onlar epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozaraq yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıblar.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Nurlan Vəliyev tərəfindən hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Facebook-da paylaş