• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda səhiyyə müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib


Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımı cinayətlərinin ən dəhşətlisi olan Xocalı soyqırımından  28 il ötür. Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunan soyqırımdan illər keçsə də Azərbaycan xalqı və dövləti bu faciəni heç vaxt unutmur və unutmayacaq da...

Hər il olduğu kimi, bu il də respublikamızda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci il tarixli Sərəncam imzalayıb. 9-21/18 nömrəli Sərəncama əsasən Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb.

Həmin tədbirlər planına uyğun olaraq rayonda fəaliyyət göstərən səhiyyə müəssisələrində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib.

Qazax şəhər Polinklinikasında, Müalicə Diaqnostika Mərkəzində, Gigiyena  və Epidemiologiya Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbirlərdə Xocalı soyqırımı qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərovanın, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs-baş direktor Sevda Məmmədovanın, Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimovun iştirak etdiyi tədbirlərdə erməni millətçiləri tərəfindən 200 ildən artıq müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasəti haqqında danışılıb və Xocalı soyqırımının bu qanlı siyasətin davamı olması bir daha vurğulanıb.

Çıxış edənlər Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımını təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayət kimi qiymətləndiriblər.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinə hücuma keçməsini, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritməsini, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutulmasını insanlığa qarşı atılan ən qəddar addım olaraq göstəriblər. Qeyd olunub ki, soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Çıxışlarda Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasından, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların atılmasından da danışılıb. Bu sahədə məqsədyönlü fəaliyyətin Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra geniş vüsət tapdığı, Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyi, fevralın 26-nın Xocalı Soyqırımı Günü elan edildiyi bildirilib. Qeyd olunub ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.





 










 

GOYEZEN.AZ                          



Facebook-da paylaş