• Təqvim

  • Maraq



Qazaxda əhalinin tibbi müayinəsi davam edir


Ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq fevralın 12-dən start götürən əhalinin kütləvi pulsuz tibbi müayinədən keçirilməsi aksiyası Qazaxda da mütəşəkkil qaydada həyata keçirilir. Səhiyyə Nazirliyinin müvafiq sərəncamına əsasən təşkil olunmuş aksiya çərçivəsində bu günədək 58 min 466 nəfər tibbi müayinədən keçib.

Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, eləcə də kənd həkim və tibb məntəqələrində may ayının 12-dək davam edəcək müayinə aksiyasının bütün rayon ərazisində yüksək səviyyədə təşkil olunması üçün səhiyyə müəssisələri lazımi dərman preparatları ilə təchiz olunub və hər cür şərait yaradılıb. Bundan başqa, rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 14 nömrəli əmrinə əsasən müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu 3 həkim briqadası da yaradılıb. Həmin səyyar həkim briqadaları qrafik üzrə kənd tibb məntəqələrində olur, ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri də evlərində müayinə edirlər. Lazım olan halda briqadalar tərəfindən şəhid ailələri və yaşlı insanların müayinə olunması üçün evlərə də aktiv gedişlər olur. Xəstəliklər aşkar olunduğu halda xəstələr yerlərdə, zərurət yarandığı halda isə baş həkimə məlumat verilərək rayon mərkəzinə və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar.

Məlumat üçün bildirək ki, aksiya dövründə səyyar həkim briqadaları rayonun sərhəd kəndlərindən Kəmərli, Qaymaqlı, Aslanbəyli, Quşçu AyrımMəzəm, Fərəhli, Cəfərli, eləcə də Daş Salahlı kəndlərində olaraq sakinləri tibbi müayinə ediblər. Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə olan səyyar briqada burada yaşayan Xeyrımlı, Aşağı Əskipara və Yuxarı Əskipara kənd sakinlərinə də tibbi xidmət göstəriblər.

Bu gün isə səyyar briqadalar rayonun Çaylı Bala Çaylı kəndlərində olub, sakinləri tibbi müayinə ediblər.

Kənd sakinləri ölkəmizdə bu xeyirxah aksiyanın təşkil olunmasını çox böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını söyləyib, dövlətin onların sağlamlığına göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq ediblər. 

Bu cür aksiyanın keçirilməsində isə əsas məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.





 

GOYEZEN.AZ



Facebook-da paylaş