Qazaxda “Şəkərli diabet” xəstələri üçün maarifləndirici tədbir keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun və Avropa Şəkərli Diabet Assosasiyasının üzvü, Respublika
Endokrinologiya Mərkəzinin yüksək ixtisaslı həkim-endokrinoloqu Vəfa Kərimovanın
təşəbbüsü və dəstəyi ilə oktyabrın 26-da seminar keçirilib. Qazax Müalicə Diaqnostika Mərkəzində
keçirilən seminarda 50 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər iştirak
edib. Respublika Endokrinologiya Mərkəzinin
həkimi-endokrinoloqu Vəfa Kərimova "Şəkərli diabetli xəstələrin vaxtında
insulin preparatlarına keçidi” mövzusunda məruzə ilə çıxış edib. Elmi Tədqiqat Kardiologiya
İnstitutunun həkim-kardioloqu Firuz İbrahimov "Şəkərli diabetin ürək-qan damar
sisteminə verdiyi fəsadlar” mövzusunda çıxış edərək bu haqda geniş məlumatlar
çatdırıb. Gəncə Diaqnostika Mərkəzinin
şöbə müdiri-hepotoloq Ülvi Maçanov isə "Şəkərli diabetin qara ciyərə verdiyi fəsadlar
və onun qarşısının alınması” mövzusunda ətraflı məlumat verərək bu sahədə görülən
işlərdən danışıb. Qazax rayon Mərkəzi Xəstəxanasının
həkim-endokrinoloqu Hökümə Nağdalıyeva çıxış edərək diabetik polineyropatiyalar
mövzusunda fikirlərini bölüşüb. Sonra mərkəzdə həkim-endokrinoloq
Vəfa Kərimovanın iştirakı ilə xəstələrin müayinəsi keçirilib. Oktyabrın 27-də isə Qazax Gənclər
Mərkəzində 200 nəfər "Şəkərli diabet” xəstələrinin iştirakı ilə geniş maarifləndirici
tədbir keçirilib. Tədbirdə şəkərli diabet xəstəliyindən
bəhs edən slayt nümayiş etdirilib.
Həkim-endokrinoloq Vəfa Kərimova
çıxış edərək şəkərli diabet xəstəliyinin yaranması səbəbləri, müalicəsi və bir
sıra aktual problemləri barədə danışıb. Ölkədə endokrinoloji xəstəliklərlə
mübarizə sahəsində həyata keçirilən əsaslı tədbirlərdən söz açıb. "Diabet məktəbi”
çərçivəsində xəstələrə özünə nəzarət haqqında maraqlı məlumatlar çatdırıb.
Qazax rayon Mərkəzi Xəstəxanasının
baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək keçirilən seminarın və maarifləndirici
tədbirin əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Sonda tədbir iştirakçılarını
maraqlandıran suallar cavablandırılıb və metodiki vəsait paylanılıb. Tədbirdən razı qaldıqlarını
bildirən xəstələr onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti
İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş