Əsas Səhifə > Səhiyyə > Qazaxda “Şəkərli diabet” xəstələri üçün maarifləndirici tədbir keçirilib
Qazaxda “Şəkərli diabet” xəstələri üçün maarifləndirici tədbir keçirilib28-10-2018, 10:17 |
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və Avropa Şəkərli Diabet Assosasiyasının üzvü, Respublika Endokrinologiya Mərkəzinin yüksək ixtisaslı həkim-endokrinoloqu Vəfa Kərimovanın təşəbbüsü və dəstəyi ilə oktyabrın 26-da seminar keçirilib. Qazax Müalicə Diaqnostika Mərkəzində keçirilən seminarda 50 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər iştirak edib. Respublika Endokrinologiya Mərkəzinin həkimi-endokrinoloqu Vəfa Kərimova "Şəkərli diabetli xəstələrin vaxtında insulin preparatlarına keçidi” mövzusunda məruzə ilə çıxış edib.
Elmi Tədqiqat Kardiologiya İnstitutunun həkim-kardioloqu Firuz İbrahimov "Şəkərli diabetin ürək-qan damar sisteminə verdiyi fəsadlar” mövzusunda çıxış edərək bu haqda geniş məlumatlar çatdırıb. Gəncə Diaqnostika Mərkəzinin şöbə müdiri-hepotoloq Ülvi Maçanov isə "Şəkərli diabetin qara ciyərə verdiyi fəsadlar və onun qarşısının alınması” mövzusunda ətraflı məlumat verərək bu sahədə görülən işlərdən danışıb.
Qazax rayon Mərkəzi Xəstəxanasının həkim-endokrinoloqu Hökümə Nağdalıyeva çıxış edərək diabetik polineyropatiyalar mövzusunda fikirlərini bölüşüb.
Sonra mərkəzdə həkim-endokrinoloq Vəfa Kərimovanın iştirakı ilə xəstələrin müayinəsi keçirilib. Oktyabrın 27-də isə Qazax Gənclər Mərkəzində 200 nəfər "Şəkərli diabet” xəstələrinin iştirakı ilə geniş maarifləndirici tədbir keçirilib. Tədbirdə şəkərli diabet xəstəliyindən bəhs edən slayt nümayiş etdirilib.
Həkim-endokrinoloq Vəfa Kərimova çıxış edərək şəkərli diabet xəstəliyinin yaranması səbəbləri, müalicəsi və bir sıra aktual problemləri barədə danışıb. Ölkədə endokrinoloji xəstəliklərlə mübarizə sahəsində həyata keçirilən əsaslı tədbirlərdən söz açıb. "Diabet məktəbi” çərçivəsində xəstələrə özünə nəzarət haqqında maraqlı məlumatlar çatdırıb.
Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək keçirilən seminarın və maarifləndirici tədbirin əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və metodiki vəsait paylanılıb. Tədbirdən razı qaldıqlarını bildirən xəstələr onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Geri qayıt |