• Təqvim

  • Maraq



Torpaq, uğrunda ölən varsa, Vətəndir!

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Vətən! Uğrunda canımızdan keçərək qanlar tökdüyümüz Vətən! Vətən təkcə üzərində gəzdiyimiz torpaq deyil, Vətən bizim hər şeyimizdir. Vətən bizləri bir məqsəd və amal uğrunda birləşdirən dəyərli bir yerdir. Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı Vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən bədənimizin bir parçasıdır. Vətən atalarımızın qəbiristanlığı, övladlarımızın dünyaya gəldiyi yerdir. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, Vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə Vətənsiz bir millət, nə də millətsiz bir Vətən ola bilər. Hər bir insan üçün Vətəni qorumaq dövlət və milləti qorumaq, Vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətəni sevmək isə onu düşmənlərə verməmək, hər an onun müdafiəsinə hazır olmaq və lazım olduğu zaman onun üçün canını vermək kimi müqəddəs bir vəzifədir. 

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. 

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Şakir Əsgərovun, Mehdi İsgəndərovun, Orxan Əliyevin, gizir Amid Məmmədovun, Emin Qurbanovun, İlqar Həsənqarayevin, kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun, kapitan Rəsul Veyisovun, İlqar Əliyevin, Vüqar Həsənovun əziz xatirəsini ehtiramla yad edirik. 

Əsgərov Şakir Əsgər oğlu


Əsgərov Şakir Əsgər oğlu 31 mart 1966-cı ildə Ermənistanın Respublikasının Noyanberyan rayonunun Ayrım qəsəbəsində anadan olmuşdur. 1973-1983-cü illərdə Noyanberyan rayonunun Aşağı Körpülü kənd orta məktəbində təhsil almışdır. 1984-1986-cı illərdə SSRİ-də Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 3 may 1993-cü ildə ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur.

İsgəndərov Mehdi Nəsrəddin oğlu


İsgəndərov Mehdi Nəsrəddin oğlu 1 avqust 1953-cü ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1960-cı ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbə daxil olmuş, 1970-ci ildə həmin məktəbi bitirmişdir. 1 aprel 1990-cı ildə Qazax rayonunun Yuxarı Əskipara kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli idi. İki övladı var. 

Əliyev Orxan Məhəmməd oğlu


Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakı Texniki Kollecinə “Avtomobil  nəqliyyatı” şöbəsinin “Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. 

Qazax Rayon Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə şəhərin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş “Cənnətdən məktublar” adlı kitab yazılmışdır. 

Gizir Məmmədov Amid Müqabil oğlu


Şəhid Amid Məmmədov 2 aprel 1987-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1993-cü ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2005-ci ildə Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2007-ci ildə isə hərbi xidmətdən tərxis olunmuşdur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. Sonra 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik kursunda oxuyaraq həmin hərbi hissədə gizir kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin 1-ci mexanikləşdirilmiş taborunun 3-cü mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş tağımının döyüş maşını komandiri-döyüş maşınları heyətinin rəisi Amid Məmmədov 03.11.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizirimiz 4 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Nisə və Esmira adlı iki azyaşlı qız övladı yadigar qalıb.  

Amid Məmmədov yüksək səviyyədə xidmət göstərmiş, hərbçi kimi yoldaşları arasında həmişə fərqlənmişdir. Ona görə də xidməti dövründə müxtəlif medallara, fəxri fərmanlara layiq görülmüşdür. O, 24.03.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", 26.06.2018-ci ildə isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. 

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan gizirimizin göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid gizirimiz ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalları5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Dəfn olunduğu kənd qəbiristanlığının girişində adını əbədiləşdirən bulaq inşa olunmuşdur. Yaşadığı evin önündə xatirə lövhəsi vurulub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.

Qurbanov Emin Murad oğlu


Qurbanov Emin Murad oğlu 23 fevral 1969-cu ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 8 illik təhsilini Dəmirçilər kənd tam orta məktəbində almışdır. Təhsilini 177 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1987-89-cu illərdə keçmiş sovetlər birliyində hərbi xidmət keçmişdir. Hərbidən qayıtdıqdan sonra sovxozda fəhlə işləmişdir. 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Vətənin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2 aprel 1993-cü ildə Ağdərənin “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd tam orta məktəbi şəhid Emin Qurbanovun adını daşıyır.

Həsənqarayev İlqar Həmid oğlu


Həsənqarayev İlqar Həmid oğlu 3 aprel 1972-ci ildə Kürdəmir rayonunun Xınışlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qazax rayonunun Əli Bayramlı (hazırkı Aslanbəyli) kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1989-cu ildə həmin orta məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan  Ordusu sıralarına çağırılmışdır. 18 iyun 1994-cü ildə Biləcəri yolunda hərbi texnikanın qəzası nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.  

Kapitan Orucov Mühüd Qurban oğlu


Kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə  yüksəlmişdir. 

Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla - "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)","Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuşdur.

2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.

2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq “Şəhidlik” zirvəsinə  ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunmuşdur. Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə  Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş “Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır.

Baş leytenant Namazov Elvin Məmməd oğlu


Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbi bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir. Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. 2016-cı ildə rayon rəhbərliyi tərəfindən Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş “Donmuş təbəssüm” adlı kitab yazılmışdır. 

 Kapitan Veyisov Rəsul Əkbər oğlu


Veyisov Rəsul Əkbər oğlu 4 aprel 1951-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Ata və anası Qazax rayonundan olsa da Rəsul dünyaya gələndə hər iki valideyni Gədəbəydə müəllim işləyiblər. Rəsul Veyisov 1958-1968-ci illərdə Gədəbəy rayonunun Nərimankənd kənd tam orta məktəbində təhsil almışdır. Ukraynanın Çop şəhərində hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) hüquq fakültəsində təhsil almışdır. 1992-ci il iyul ayının 7-də Qazax rayonunun Quşçu Ayrım kəndində gedən döyüşlərdə şəhid olmuşdur. 1992-ci il iyul ayının 8-də Bakıdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Əliyev İlqar Nəbi oğlu


Əliyev İlqar Nəbi oğlu 6 aprel 1971-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1978-1989-cu illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1989-1991-ci illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il dekabr ayının 29-da xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. 

Həsənov Vüqar Eldar oğlu 


Həsənov Vüqar Eldar oğlu 6 aprel 1984-cü ildə Qazax şəhərində anadan olmuşdur. 1991-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbə daxil olmuş, 9-cu sinifi bitirdikdən sonra Xanlıqlar kəndində 10-11 sinifi oxumuşdur. Eyni zamanda Qazax şəhər Musiqi Məktəbini bitirmişdir. 2002-ci ilin aprel ayında hərbi xidmətə getmiş, həmin ilin iyul ayının 18-də Beyləqan rayonunda düşmənlə təmas xəttində torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Qazax şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.



Facebook-da paylaş