• Təqvim

  • Maraq



Bu gün Vətən müharibəsi şəhidi İlkin Əliyevin doğum günüdür

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında qazandığı tarixi Qələbə, böyük Zəfər bu gün də qürurla xatırlanır. O Vətən müharibəsi ki, cəmi 44 günə xalqımızın 30 illik yurd həsrətinə, torpaq niskilinə son qoydu. Bütün dünya döyüş meydanında hərbçilərimizin, əsgərlərimizin göstərdikləri şücaətlə, qəhrəmanlıqla Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. 


Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksələn igid qəhrəmanlarımızdan biri də əsgər Əliyev İlkin Bəxtiyar oğludur.

Bu gün Vətən müharibəsi şəhidi İlkin Əliyevin cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 24 yaşı tamam olacaqdı... Özünü dərk edəndən ad günü Xocalı soyqırımı ilə eyni günə düşdüyündən heç vaxt öz doğum gününü qeyd etməzdi İlkin Əliyev. Hər zaman da o qarlı qış gecəsində həlak olan soydaşlarımızın qisasını alacağını söyləyərdi. Bəli, bu gün İlkin Şəhidlik zirvəsinə ucalaraq illər öncə verdiyi sözü tutdu, qisasını canı bahasına aldı. 30 illik həsrətdən sonra düşmən tapdağında olan torpaqlarımız azad edildi. Bu gün həmin torpaqlarda, yurd yerlərimizdə doğma Xocalıda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün həm İlkinin, həm də soyqırımı, faciə qurbanlarının ruhu şaddır. 

GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, İlkin Əliyev də hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var İlkin kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman onlardan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!


Şəhid Əliyev İlkin Bəxtiyar oğlu 26 fevral 2001-ci ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Canalı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Uşaqlıqdan idmana daha çox maraq göstərirdi, yunan-roma güləşi ilə məşğul olurdu. Bir neçə dəfə birinci yerə çıxıb medallar da almışdı.

2019-cu ilin 3 aprelində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. 

Vətən müharibəsi başlayandan bir neçə gün sonra İlkin Əliyevin xidmət etdiyi batareya müharibə bölgəsinə gətirilir. İlkinin döyüş yolu oktyabr ayının 2-dən Füzulidən başlayıb. Sonra bu yol Qubadlıdan, Xocavənddən, Şuşa ətrafından, Laçından keçib. “N” saylı hərbi hissənin artilleriya divizionun 1-ci batareyanın, 1-ci tağımın 2-ci topun komandiri əsgər Əliyev İlkin Bəxtiyar oğlu düşmənin texnikasının, canlı qüvvəsinin məhv edilməsində böyük igidlik və şücaət göstərib. O, 14.11.2020-ci il tarixdə Xocavənddə şəhid olmuşdur. 16.11.2020-ci il tarixdə Hüseynbəyli kəndi ərazisində yerləşən Şəhidlər qəbiristanlığında dəfn olunmuşdur. Subay idi.   

Əliyev İlkin Bəxtiyar oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidimizin doğulub boya-başa çatdığı Canalı kəndində adını əbədiləşdirən bulaq inşa olunub və həmin bulağın yanında dayanacaq qoyulub.



Facebook-da paylaş