3-cü dərəcəli “Rəşadət” ordenli Vətən müharibəsi şəhidi leytenant Qismət Həməşəyevin ildönümündə əziz xatirəsini ehtiramla anırıq
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Vətən müharibəsi!. 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında böyük Qələbə ilə başa çatan hərb tariximizin zəfər salnaməsi!. Bu, o salnamədir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəmi 44 gündə son qoyuldu. O, 44 gün ki, Vətən müharibəsi başlayandan həmin günlər ərzində bütün dünya Azərbaycan dövlətinin qüdrətini, gücünü gördü. Bu, o Vətən müharibəsi oldu ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi, hərb tariximizə isə şanlı zəfərlərlə dolu günlər yazdı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.
Bu gün vətəndaş olaraq hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz heç vaxt unudulmayacaq.
44 günlük Vətən müharibəsində iştirak edən, Azərbaycanın adını ucaldan, böyük Qələbənin qazanılmasında payI olan oğullarımızdan biri də şəhid leytenant Həməşəyev Qismət Oruc oğludur. Qismət də torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün tam olması üçün Vətən müharibəsi başlayanda döyüşlərə könüllü qatıldı və döyüş meydanında canından keçərək Şəhidlik zirvəsinə ucaldı. Və bu gün Qismət kimi oğullarımızın sayəsində işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır...
Oktyabrın 27-si 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 4 il ötür. Bu gün Qismət Həməşəyev kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur.
GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, Qismət Həməşəyev də hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Qismət kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər Qismət tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
Şəhid Qismət Həməşəyev 3 noyabr 1988-ci ildə Rusiya Federasiyasının Rostov vilayətində anadan olmuşdur. 1995-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2007-ci ildə Gəncə Dövlət Universitetinə daxil olmuş, 2011-ci ildə həmin Universiteti bitirmişdir. 2011-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, leytenant rütbəsində həqiqi hərbi xidmət keçmiş, 2013-cü ildə isə tərxis olunmuşdur. 2019-cu ildən “AccessBank”ın Qazax filialında əməliyyatçı kassir vəzifəsində işləmişdir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Hərbi təlimlərə ehtiyatda olan zabit kimi cəlb edilmiş Qismət Həməşəyev Vətən torpaqlarının müdafiəsi uğrunda igidcəsinə döyüşmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 1-ci motoatıcı taborunun, motoatıcı tağımının komandiri olan Qismət Həməşəyev 26 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 27 oktyabr 2020-ci il tarixdə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, övladı yoxdur.
Bütün şəhidlərimiz kimi, leytenant Qismət Həməşəyevin də xatirəsi hər zaman əziz tutulur. Şəhid leytenantımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilib.
Facebook-da paylaş