• Təqvim

  • Maraq



Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmayacaqlar

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Vətəni, qoynunda boya-başa çatdığı torpağı göz bəbəyi kimi sevərək, onun müqəddəsliyini hiss edərək yolunda canından keçən oğullarımız heç zaman unudulmayacaqlar. Vətən uğrunda qan tökərək öz tarixinə və xalqının taleyinə qəhrəmanlıq salnaməsi yazan, müqəddəs amal naminə şəhid olmaqla əbədiyyətə qovuşan igid oğullarımız bugünkü və gələcək nəsillərə örnək olacaqlar. Çünki həmin oğullarımız döyüşlərdə mənfur düşmənə ağır zərbə vurmaqla, layiqli dərs verməklə təkcə qəhrəmanlıq salnaməsinə adlarını yazmadılar, eyni zamanda, Vətənin bölünməzliyinə imza atdılar. Odur ki, hər birimiz şəhidlərimizin canları, qanları bahasına bizlərə miras qoyduqları Vətən torpağına onların əmanəti kimi sahib çıxmalı, göz bəbəyi kimi qorumalıyıq. Şəhidlərimizi də daim qəlbimizdə yaşatmalı, gələcək nəsillərə tanıtmalıyıq. Bu, hər kəsin vətəndaşlıq borcu olmalıdır.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Fərman Heydərovun, İbrahim İbrahimovun, Adil Qocayevin, baş gizir İsə Almazovun, Mehdi İsgəndərovun, Alı Mollayevin, Vüqar Nəbiyevin, Ənvər Abdullayevin, Sərdar Hüseynovun, Aslan Məmmədovun, Yusif Vəliyevin, İslam Xəlilovun, Məhəmməd Əsgərovun, Məmməd Məmmədovun, Dilqəm Zeynalovun əziz xatirəsini ehtiramla yad edirik. 

Heydərov Fərman Alı oğlu


Heydərov Fərman Alı oğlu 29 iyul 1967-ci ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur. 1975-ci ildə Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1986-88-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 22 may 1995-ci ildə rayonun Xanlıqlar kəndində “Kar Qaya” istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Məzarı Aşağı Salahlı kənd qəbiristanlığındadır. 

İbrahimov İbrahim Hətəm oğlu


İbrahimov İbrahim Hətəm oğlu 6 iyun 1948-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1955-ci ildə Bala Cəfərli kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş və 4-cü sinifə kimi oxumuşdur. 5-ci sinifdən 8-ci sinifə kimi Cəfərli kənd tam orta məktəbində oxumuşdur. 1963-cü ildə Qazax şəhər 1 nömrəli tam orta məktəbin 9-cu sinifinə daxil olmuş, 1965-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1967-1969-cu illərdə SSRİ silahlı qüvvələrində Ukrayna Respublikasında xidmət etmişdir. Qazax rayon TTK-da sürücü işləmişdir. 29 iyul 2000-ci ildə Bala Cəfərli kəndində öz mal-qarasını otararkən ermənilər tərəfindən vurulmuşdur.

Qocayev Adil Hüseynqulu oğlu


Qocayev Adil Hüseynqulu oğlu 29 iyul 1966-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1972-ci ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinifinə daxil olmuş, 1982-ci ildə orta məktəbi bitirmişdir. 1984-cü ildə SSRİ ordusuna hərbi xidmətə getmiş və 2 il hərbi xidmətdə olmuşdur. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Adil Qocayev 24 iyul 1993-cü ildə Fərəhli kəndində gedən döyüşlərdə minaya düşərək şəhid olmuşdur.

Baş gizir Almazov İsə Ziyad oğlu


Baş gizir İsə Almazov 20 iyun 1977-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2001-ci ildə Silahlı Qüvvələrin Zabit Heyətinin Təkmilləşdirmə kursları nəzdində gizir hazırlanma kursunu bitirmişdir. 2001-2007-ci illərdə hərbi hissədə döyüş maşın komandiri – manqa komandiri vəzifəsində xidmət etmişdir. 2007-2014-cü illərdə hərbi hissədə bölüyün baş çavuşu vəzifəsində xidmət etmişdir.

13 yanvar 2001-ci ildə gizir, 29 iyun 2001-ci ildə isə baş gizir hərbi rütbələrini almışdır. Nümunəvi xidmətləri nəzərə alınaraq baş gizir İ.Almazov Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi (1918-2013)” yubiley medalları ilə təltif olunmuşdur.

Baş gizir Almazov İsə Ziyad oğlu 31 iyul 2014-cü il tarixində saat 19:45 radələrində düşmən bölmələrinin atəşkəsi pozması nəticəsində baş vermiş döyüşdə düşmənə layiqli cavab vermiş, geri çəkilməmiş, qəhrəmancasına vuruşaraq başından aldığı güllə yarasından şəhid olmuşdur.

Baş gizir İ.Almazov xidmət etdiyi dövrdə nümunəvi xidməti ilə həmişə fərqlənmiş, bir neçə dəfə komandanlıq tərəfindən mükafatlandırılmışdır. 

Baş gizir İ.Almazov bütün kollektivin hörmətini qazanmaqla yanaşı, digər hərbi qulluqçulara da bir nümunə idi. O, bunu şəhidliyi ilə sübut etdi və doğma torpağın müdafiəsində şəhid olaraq əbədiyyətə qovuşdu. Cəsur döyüşçü baş gizir Almazov İsə Ziyad oğlunun əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaqdır. 

Baş gizir İ.Almazov Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

İsgəndərov Mehdi Nəsrəddin oğlu


İsgəndərov Mehdi Nəsrəddin oğlu 1 avqust 1953-cü ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1960-cı ildə Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbə daxil olmuş, 1970-ci ildə həmin məktəbi bitirmişdir. 1 aprel 1990-cı ildə Qazax rayonunun Yuxarı Əskipara kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli idi. İki övladı var. 

Mollayev Alı Vəli oğlu


Mollayev Alı Vəli oğlu 1 avqust 1956-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1963-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1974-cü ilə məktəbi bitirərək sovet ordusu sıralarına çağrılmışdır. Ordu sıralarından tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. Mollayev Alı Vəli oğlu 12 avqust 1998-ci ildə Quşçu Ayrım kəndində odun gətirən zaman ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olmuşdur. Ailəli idi. İki övladı var. 

Nəbiyev Vüqar Müzəffər oğlu


Nəbiyev Vüqar Müzəffər oğlu 1 avqust 1967-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində anadan olmuşdur. 1974-cü ildə yaşadığı kənddə 1-ci sinifə daxil olmuşdur. 1984-cü ildə həmin orta məktəbi bitirmişdir. 1985-1987-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndinə gələrək ailə həyatı qurmuşdur. 1991-ci ildə könüllü olaraq Milli Orduda xidmət etməyə başlamışdır. 2 fevral 1993-cü ildə döyüş zamanı itkin düşmüşdür. 2006-cı ildə Qazax rayon Məhkəməsinin qərarı ilə şəhid statusu almışdır. Ailəlidir və bir oğlu var. 

Abdullayev Ənvər Abdulla oğlu


Abdullayev Ənvər Abdulla oğlu 25 oktyabr 1972-ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1980-ci ildə Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1990-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə Azərbaycanın ordu sıralarına çağrılmışdır. 2 avqust 1994-cü ildə rayonun Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 

Hüseynov Sərdar Aydın oğlu


Hüseynov Sərdar Aydın oğlu 2 avqust 1968-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1975-ci ildə Qızılhacılı kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1983-85-ci illərdə Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 10-cu sinifini bitirmişdir. 1986-88-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra Bakı Tibb Texnikomunu bitirmişdir. Qazax rayon Qızılhacılı kənd Feldşer-Mama Məntəqəsinin müdiri işləmişdir. 24 sentyabr 1993-cü ildə Qazax şəhərinə atılan mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Evli idi.

Məmmədov Aslan Dursun oğlu


Məmmədov Aslan Dursun oğlu 2 avqust 1973-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1980-ci ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1991-ci ildə Alpout kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağrılmışdır. Məmmədov Aslan Dursun oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmənin açdığı atəş nəticəsində şəhid olmuşdur. Subay idi. 

Vəliyev Yusif İbrahim oğlu


Vəliyev Yusif İbrahim oğlu 17 mart 1959-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1966-cı ildə Əlibayramlı (hazırkı Aslanbəyli) kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1976-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1977-ci ildə hərbi xidmətə getmişdir. 1979-cu ildə hərbi xidmətdən qayıtmış, 1980-ci ildə Bakı şəhəri 54 nömrəli texniki kollecin armaturçu, elektrikçi, qaynaqçı peşəsini bitirmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.

Xəlilov İslam Mahmud oğlu


Xəlilov İslam Mahmud oğlu 5 iyul 1939-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1949–cu ildə Əlibayramlı kənd məktəbinin 1-ci sinifinə getmiş, 1957-ci ildə məktəbin 8-ci sinifini bitirmişdir. Sovet ordusu sıralarında xidmət etmişdir. Xidmətdən qayıtdıqdan sonra Aslanbəyli kəndində fəhlə işləmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.

Əsgərov Məhəmməd İsmayıl oğlu


Əsgərov Məhəmməd İsmayıl oğlu 30 iyun 1941-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1965-ci ildə Ermənistanın Ayrım stansiya Konserv Zavodu yaşayış məntəqəsinə köçərək orda yaşamışdır. 1988-ci ildə yenidən Kəmərliyə qayıtmış, kənddə müxtəlif işlərdə fəhlə işləmişdir. 1994-cü ildə avqustun 3-də minaya düşərək şəhid olmuşdur.

Məmmədov Məmməd Zahid oğlu


Məmmədov Məmməd Zahid oğlu 3 avqust 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı ildə Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1986-cı ildə həmin orta məktəbi bitirmişdir. 1987-1989-cu illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Məmmədov Məmməd Zahid oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 

Zeynalov Dilqəm Camal oğlu


Zeynalov Dilqəm Camal oğlu 4 avqust 1974-cü ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 1981-ci ildə Səməd Hacıyev adna Orta Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-ci ildə həqiqi hərbi xidmətə getmiş, 21 mart 1996-cı ildə Ağdam rayonunun Təzəkənd kəndində gedən döyüşlərdə şəhid olmuşdur.



Facebook-da paylaş