• Təqvim

  • Maraq



Şəhidlik zirvəsinə ucalanların xatirəsi qəlbimizdə əbədi yaşayacaq...

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


“VƏTƏN” bu müqəddəs söz hər birimiz üçün əziz və doğmadır. Çünki Vətən anadır. Hamının ayrı-ayrılıqda bir anası var, ancaq hamımızın birgə bir anası var. Bu, Vətəndir. Biz bu həyatda necəki, Allaha və valideynlərimizə borcluyuq, həmçinin Vətənə də borcumuz var. O borcu qaytarmaq üçün hər birimiz Vətən qarşısında müsəlləh əsgərlərik. Özümüzü dərk etdiyimiz andan etibarən doğma vətənimiz olan Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunması yolunda Şəhidlik adlı zirvəni fəth etməyi gözə almalıyıq. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Torpaq uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı Vətən uğrunda həlak olan şəhidlərini, öz Milli Qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Niyaz Əhmədovun, Cabir Hüseynovun, Akif Budaqovun, Məmmədkərim Cəfərovun, kapitan Zahid Mahmudovun, leytenant Əşrəf Axundovun, çavuş Timur Əliyevin, gizir Elxan Civişovun, əsgər Əvəz Məmmədovun, kiçik gizir Elcan Namazovun, baş çavuş Ramin Hüseynovun əziz xatirəsini ehtiramla yad edirik. 

Əhmədov Niyaz Əkbər oğlu


Əhmədov Niyaz Əkbər oğlu 27 may 1959-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1966-cı ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə getmişdir. 1976-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 28 noyabr 1991-ci ildə şəhid olmuşdur.

Hüseynov Cabir Çərkəz oğlu


Hüseynov Cabir Çərkəz oğlu 1970-ci il may ayının 27-də Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1977-87-ci illərdə Ağköynək kənd tam orta məktəbini bitirmişdir. 1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılaraq Dəmirçilər, Köhnə Qışlaq kəndlərində döyüş yolları keçmişdir. 1993-cü il avqustun 14-də Köhnə Qışlaqda sərhəd bölgəsində artilleriyanın arxasında olarkən güllə vurulması nəticəsində şəhid olmuşdur. 

Budaqov Akif Məmmədxan oğlu


Budaqov Akif Məmmədxan oğlu 2 yanvar 1955-ci ildə Ermənistanda anadan olmuşdur. 1988-ci ildə Ermənistandan deportasiya olunaraq Xanlıqlar kəndinə yerləşmişdir. 28 may 1993-cü ildə şəhid olmuşdur. Ailəlidir. 4 övladı var. 

Cəfərov Məmmədkərim Sosu oğlu


Cəfərov Məmmədkərim Sosu oğlu 5 oktyabr 1964-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1971-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1981-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 28 may 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Babakər adlı postda qulluq edərkən minaya düşərək şəhid olmuşdur. Ailəli idi, bir övladı var.

Kapitan Mahmudov Zahid Alı oğlu


Mahmudov Zahid Alı oğlu 28 may 1955-ci ilde Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1962-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbinə daxil olmuş, 1972-ci ildə Bakı Rabitə Texnikomuna daxil olmuşdur. 1976-cı ildə həmin texnikomu bitirmişdir. 1973-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə getmiş, 1974-cü ildə ordudan tərxis olunmuşdur. 1976-cı ildən Rabitə Nazirliyində texniki işçi kimi işləmişdir. 1992-ci ildən DİN-nin DQ-nın “N” saylı hərbi hissəsində hərbi xidmətə qəbul olunmuş və müxtəlif döyüş bölgələrində xidmət etmişdir. 1992-ci il avqust ayının 6-da Tərtər-Ağdərə istiqamətində döyüş bölgəsinə ezam olunmuşdur. Avqust ayının 9-da isə həmin bölgədə mərmi atəşi ilə ağır yaralanaraq şəhid olmuşdur. Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. 12 mart 2009-cu ildə 204 saylı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Yuxarı Salahlı kənd tam orta məktəbi şəhid Zahid Mahmudovun adını daşıyır. 

Leytenant Axundov Əşrəf Bəhram oğlu


Axundov Əşrəf Bəhram oğlu 29 may 1964-cü ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1971-ci ildə Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə  daxil olmuş, 1979-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1979-1981-ci illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. Hərbi xidmətdən gəldikdən sonra Qazax rayon Hərbi Komissarlığında gizir vəzifəsində çalışmışdır. Döyüşlərə könüllü getmiş və komandir vəzifəsində çalışmışdır. Leytenant rütbəsi alan Əşrəf Axundov 14 iyun 1994-cü ildə şəhid olmuşdur.

Çavuş Əliyev Timur Nurəddin oğlu


Şəhid Timur Əliyev 29 may 1984-cü ildə Özbəkistan Respublikasının Çirçik şəhərində anadan olmuşdur. 1990-cı ildə Özbəkistan Respublikasının Çirçik şəhərində 1-ci sinifə daxil olmuş, 1998-ci ildə həmin şəhərdə 8-ci sinifi bitirmişdir. 1998-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüş, orta təhsilini Bakı şəhərində davam etdirərək 2001-ci ildə 11-ci sinifi bitirmişdir. 2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, həqiqi hərbi xidməti keçərək 2004-cü ildə tərxis olunmuşdur. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. Şəhid çavuş Timur Əliyev 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid çavuşumuz 30 oktyabr 2020-ci ildə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Alsu və Leyla adlı iki azyaşlı qız övladı yadigar qalıb. 

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən bütün şəhidlərimizin xatirəsi dövlətimiz, ölkə rəhbəri tərəfindən də hər zaman əziz tutulur. Şəhid çavuş Timur Əliyevin də igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 

Gizir Civişov Elxan Mehdi oğlu


Civişov Elxan Mehdi oğlu 1 iyun 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi bitirmişdir. 1988-1990-cı illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. Civişov Elxan Mehdi oğlu 31 oktyabr 1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Əsgər Məmmədov Əvəz Elnur oğlu


Şəhid Əvəz Məmmədov 1 iyun 2001-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2019-cu ilin 2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün atıcı-qumbaraatan köməkçisi əsgər Əvəz Məmmədov 07.10.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən Şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmancasına şəhid olan əsgərimiz 07.10.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Vətənə olan xidməti borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Kiçik gizir Namazov Elcan Hidayət oğlu


Şəhid Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxudu. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. 

23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən “Vətən uğrunda”18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 

Bütün şəhidlərimiz kimi, igid Vətən oğlu Elcan Namazovun da adı əbədiləşdirilib. Qəhrəman şəhidimizin doğulduğu Dəmirçilər kəndində adını əbədiləşdirən bulaq inşa olunub.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (MAHHXHQ) baş çavuşu Hüseynov Ramin Rövşən oğlu


Şəhid Hüseynov Ramin Rövşən oğlu 1 iyun 1987-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1994-cü ildə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2005-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə müddətli həqiqi hərbi xidmətə yola düşmüşdür. 2008-ci ildə hərbi xidməti başa vurmuşdur. 2012-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında MAHHXHQ işləyirdi. 19.09.2023-cü il tarixdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 22.09.2023-cü il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, 3 övladı yadigar qalıb.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən baş çavuş Hüseynov Ramin Rövşən oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni  “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz baş çavuş Ramin Hüseynovun adı verilib.



Facebook-da paylaş