• Təqvim

  • Maraq



3-cü dərəcəli “Rəşadət” ordenli Vətən müharibəsi şəhidi gizir İlkin Şükürovu ildönümündə ehtiramla yad edirik

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. Haqq səsimizi bütün dünyaya çatdıran Vətən müharibəsində, İkinci Qarabağ savaşında ordumuzun əsgər və zabitləri, hərbçilərimiz, igid Vətən oğulları əsl qəhrəmanlıq göstərərək Azərbaycan Ordusunun gücünü, qüdrətini düşmənlə yanaşı, bütün dünyaya göstərdilər. Ali Baş Komandanın ətrafında yumruq tək birləşib Onun “İrəli!” əmrini layiqincə icra etdilər. Qazax rayonundan olan igid oğullarımız da İkinci Qarabağ müharibəsində gedən döyüşlərdə qəhrəmancasına mübarizə apardılar. 

Böyük tarixi Qələbənin qazanılmasında igidlik göstərən, torpaqlarımızın azad olunmasında qəhrəmancasına şəhid olan oğullarımızdan biri də gizir Şükürov İlkin Aslan oğludur.


Oktyabrın 15-i 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun yoxluğundan artıq 3 il ötür.  

GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, İlkin Şükürov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var İlkin kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər İlkin tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!


Şəhid İlkin Şükürov 27 avqust 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 2001-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2016-cı ildə eksternant qaydada imtahan verərək həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2015-ci ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci ilin aprel ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında gizir rütbəsində xidmət etmişdir. 25 yaşlı gizirimiz 14.10.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 15.10.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Azərbaycan xalqını 30 ildən sonra həsrətində olduğu torpaqlara qovuşduran, işğaldan azad edilən şəhərə, qəsəbəyə, kəndə üçrəngli bayrağımızı sancan igid Vətən oğullarının döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Ölkə başçısı hər bir əsgər və zabitimizi orden və medallarla təltif etdi. Gizir İlkin Şükürov da təltif olunanlar arasındadır.  O, cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilib. Qəhrəman şəhidimizin doğulduğu kənddə adını əbədiləşdirən bulaq inşa olunub. 




Facebook-da paylaş