• Təqvim

  • Maraq



Tarixi Qələbənin qazanılmasında payı olan şəhid gizir Səbuhi Məmmədovun xatirəsini ehtiramla anırıq

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin, müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları 44 gün davam etdi və hərb tariximizə hər gün şanlı Qələbələrlə, Zəfərlərlə yazıldı. 

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq hər birimizin borcudur. İkinci Qarabağ müharibəsində öz qanı ilə tarix yazaraq Şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Məmmədov Səbuhi Hümbət oğludur. 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman şəhidimizin yoxluğundan artıq 3 il ötür. Oktyabrın 2-si igid Vətən oğlunun üçüncü ildönümüdür. 


GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, Səbuhi Məmmədov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Səbuhi kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Səbuhi tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!


Şəhid Səbuhi Məmmədov 6 mart 1995-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2001-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci  sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə getmiş, 2014-cü ilin oktyabrında hərbi xidmətdən tərxis olunmuşdur. 2017-ci ilin yanvarında Bakı şəhərində gizirlik kursu üzrə təhsil almış, aprel ayından “N” saylı hərbi hissədə top komandiri kimi fəaliyyətə başlamış, 2019-cu ildə “N” saylı hərbi hissəyə xüsusi təyinatlı bölüyə daxil olmuş və xidmətini orada davam etdirmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrinə kursa qəbul olmuş, kursu müvəffəqiyyətlə bitirmiş və xidmətini müxtəlif “N” saylı hərbi hissələrdə davam etdirmişdir. 

Nümunəvi xidmətinə görə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə də təltif olunmuşdur.

Gizir Səbuhi Məmmədov 01.10.2020-ci il tarixdə Göygöl rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 02.10.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Şəhid gizirimiz subay idi. 

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Səbuhi Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Bala Çaylı kəndində adını əbədiləşdirən bulaq inşa olunub.



Facebook-da paylaş