• Təqvim

  • Unutma

  • Maraq



Tarixi Qələbənin qazanılmasında payı olan Vətən müharibəsi şəhidi gizir Səbuhi Məmmədovun ildönümündə əziz xatirəsi ehtiramla anılıb


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün Vətən müharibəsinə, haqq savaşına başladı. Cəmi 44 gün sonra Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları 44 gün davam etdi və hərb tariximizə hər gün şanlı Qələbələrlə, Zəfərlərlə yazıldı. 

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq hər birimizin borcudur. İkinci Qarabağ müharibəsində öz qanı ilə tarix yazaraq Şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Məmmədov Səbuhi Hümbət oğludur. 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan qəhrəman şəhidimizin şəhadətindən artıq 2 il ötür. 


Oktyabrın 2-də ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun ildönümü qeyd olunub. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri qəhrəman şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. İllər ötsə belə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə payı olan Səbuhi tək oğulların heç vaxt unudulmayacağı, gələcək nəsillərə örnək olacağı, böyüməkdə olan gəncliyin şəhidimizin döyüş yolundan, qəhrəmanlığından nümunə götürəcəyi qeyd edilib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Səbuhi və onun kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuz dilə gətirilib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu bildirilib. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı bildirilib. 

Şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıya görə razılığını bildirən şəhidimizin atası Hümbət Məmmədov buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Onları daim diqqətdə saxladığına, ziyarət etdiyinə görə rayon rəhbərliyinə razılıq edib.


Şəhid Səbuhi Məmmədov 6 mart 1995-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2001-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci  sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə getmiş, 2014-cü ilin oktyabrında hərbi xidmətdən tərxis olunmuşdur. 2017-ci ilin yanvarında Bakı şəhərində gizirlik kursu üzrə təhsil almış, aprel ayından “N” saylı hərbi hissədə top komandiri kimi fəaliyyətə başlamış, 2019-cu ildə “N” saylı hərbi hissəyə xüsusi təyinatlı bölüyə daxil olmuş və xidmətini orada davam etdirmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrinə kursa qəbul olmuş, kursu müvəffəqiyyətlə bitirmiş və xidmətini müxtəlif “N” saylı hərbi hissələrdə davam etdirmişdir. 

Gizir Səbuhi Məmmədov 01.10.2020-ci il tarixdə Göygöl rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 02.10.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Şəhid gizirimiz subay idi. 

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Səbuhi Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi Səbuhi Məmmədov da Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaq. Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhid gizirimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.

GOYEZEN.AZ

 



Facebook-da paylaş