Bu gün Milli Qəhrəman Rafiq Alıcanovun cənnətdəki doğum günüdür
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------
Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman əbədi yaşayırlar. Şəhid oldunsa demək ki, əbədi olaraq yanacaq məşəlin var. Vətən yolunda şəhid olmaq, canını fəda vermək insandan ürək istər, cəsarət istər, Vətənə sevgi istər. Bütün bunları özündə duyub Vətənin azadlığı uğrunda döyüşərək şəhid adına ucalan neçə-neçə igid oğullarımız var. Onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlamaz. Vətənə olan sonsuz sevgi sayəsində Şəhidlik adlı zirvəni fəth edən, 30 illik həsrətdən sonra doğma Qarabağımızı, Şuşamızı bizə geri qaytaran oğullarımızın xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək həyat amalımız olmalıdır. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərməklə gələcək nəsilləri dünənimiz, keçmişimiz haqqında hər zaman məlumatlandırmalıyıq. Ən əsası da onlara Vətənə sevgi hissini aşılamalıyıq. Şəhidlərimizi, onların keçdikləri qısa, lakin şərəfli ömür yolunu, qəhrəmanlığını nümunə göstərməliyik.
Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan Milli Qəhrəmanımız Alıcanov Rafiq Cəfər oğlunun əziz xatirəsini ehtiramla yad edirik. Bu gün 58 yaşını qeyd etdiyimiz Milli Qəhrəmanımız bizim qəlbimizdə əbədi yaşayacaq, əziz xatirəsi illər ötsə belə daim ehtiramla anılacaq.
Kapitan Alıcanov Rafiq Cəfər oğlu 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynanın Dnerodzejinsk şəhərində ixtisası üzrə xidmətə başlayır. 1988-ci ildə o, Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və 1992-ci ildə Vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona kapitan rütbəsinə yüksəlmək imkanı verir. Rafiq Alıcanov Füzuli bölgəsində gedən döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.
Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Ağstafa rayonunun Köçvəlili kəndində dəfn edilmişdir. Köçəvəlli kənd orta məktəbi və Ağstafa şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır.
Facebook-da paylaş