Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan əsgər Davud Qurbanovun bu gün cənnətdəki doğum günüdür
Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsi müstəqillik və dövlətçilik tariximizin olduqca mühüm səhifələrindən biri kimi hərb tariximizə və xalqımızın yaddaşına əbədi yazıldı. 44 günlük müharibə nəticəsində şanlı Azərbaycan Ordusu cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ildən artıq davam edən erməni işğalına son qoydu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, məğrur və yenilməz xalqımızın iradəsi, rəşadətli ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində 44 gündə Azərbaycan dövləti bütün dünyaya necə güclü, qüdrətli bir dövlət olduğumuzu sübut etdi. “Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxdığımız Vətən müharibəsi xalqımızın 30 illik torpaq həsrətinə son qoymaqla yanaşı, Azərbaycanda illərdir güclü dövlət quruculuğunun olduğunu hər kəsə bir daha nümayiş etdirdi.
Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq.
Vətən müharibəsində, Qarabağ adlı haqq savaşında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də əsgər Qurbanov Davud Tariyel oğludur.
Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş igid Vətən oğlunun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı qəhrəman şəhidimizin bu gün 27 yaşı tamam olacaqdı.
GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Davud Qurbanov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Davud kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Davud tək oğullarımızdan qəhrəmanlığı örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim! Məzarında rahat uyu, qəhrəman şəhid, artıq doğma Qarabağımız azaddır, Vətən torpaqlarında üçrəngli bayrağımız dalğalanır.
Şəhid Davud Qurbanov 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Biləcəri qəsəbəsindəki Rizvan Pirnəzərov adına tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2013-cü ildə R.Pirnəzərov adına 299 saylı məktəb-liseyi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuşdur. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirmişdir. Həmin il universitetin magistratura pilləsinə qəbul olmuş və 2019-cu ildə magistraturanı bitirmişdir. 2019-cu ilin fevral ayında “Space” televiziya və yayım şirkətində montajçı vəzifəsində iş fəaliyyətinə başlamış və iyun ayına kimi orada işləmişdir. 2019-cu ilin iyul ayından “Azad Azərbaycan” (ATV) teleradio və yayım şirkətində montajçı vəzifəsində işə başlamışdır. Oktyabr ayından iş fəaliyyətini dondurub həqiqi hərbi xidmətə yollanmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgər Davud Qurbanov 02.10.2020-ci ildə Bərdə-Beyləqan bölgəsində Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 04.10.2020-ci ildə Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Vətən torpaqlarının ərazi bütövlüyü və işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olan Davud Qurbanov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Facebook-da paylaş