Ölümündən sonra bir orden, dörd medalla təltif olunan gizir Tahir İsmayılovun doğum günündə xatirəsini ehtiramla yad edirik
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------
2020-ci il müstəqil Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 sentyabrdan başlayıb 10 noyabrda şanlı Zəfərlə yekunlaşan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək dövlətimizin və ordumuzun gücünü bütün dünyaya bir daha nümayiş etdirdilər. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşdü. Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq.
Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksələn oğullarımızdan biri də gizir İsmayılov Tahir Niyazi oğludur.
Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş igid Vətən oğlunun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı qəhrəman şəhidimizin bu gün 35 yaşı tamam olacaqdı.
GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Tahir İsmayılov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Tahir kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Tahir tək oğullarımızdan qəhrəmanlığı örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
Şəhid Tahir İsmayılov 30 yanvar 1988-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 1994-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2003-cü ildə həmin məktəb-liseyin 9-cu sinifini bitirmişdir. 2003-cü ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinə daxil olmuş və 2006-cı ildə həmin kolleci bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2007-ci il tarixdə həqiqi hərbi xidməti başa vurmuşdur. 31.01.2009-cu il tarixdən 11.04.2009-cu il tarixə qədər Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) hərbi kursantlıq kursunda hərbi kursantlıq oxumuş, 16.04.2009-cu il tarixdən 23.08.2012-ci il tarixə kimi "N” saylı hərbi hissədə gizir olaraq xidmət etmişdir. 26.04.2014-cü il tarixdən yenidən hərbiyə qayıdaraq xidmət etməyə başlamışdır. "N” saylı hərbi hissənin 1-ci motoatıcı bölüyün 2-ci tağım komandirinin müavini gizir Tahir İsmayılov 25.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd-Hadrut rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Qubadlının azad olunması uğrunda gedən döyüşdə isə şəhid olmuşdur. Şəhid gizir Tahir İsmayılov 26.10.2020-ci il tarixdə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Niyazi və Uğur adlı iki azyaşlı oğlan övladı yadigar qalıb.
Xidməti dövrü öz nizam-intizamı, verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi ilə fərqlənmiş, bir sıra medallarla təltif edilmişdir. Tahir İsmayılovun sinəsini 2018-ci ildə təltif olunduğu "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları bəzəyirdi.
Bütün şəhidlərimiz kimi gizir Tahir İsmayılovun da xatirəsi hər zaman əziz tutulur. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Qazax şəhərinin Hüseyn Arif küçəsində “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, çavuş Veyisli Xaliddin Zərgər oğlunun, əsgər Məmmədov Tural Elxan oğlunun, (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun adını əbədiləşdirən bulaq inşa olunub. Şəhərin Heydər Əliyev prospektində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun vaxtilə təhsil aldıqları məktəb-liseyin həyətində şəhid məzunların xatirəsinə tikilən bulaqda igid Vətən oğlunun da adı var.
Facebook-da paylaş