Vətən sevgisi, şəhidlik zirvəsi...
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------
Zaman-zaman Vətənin igid, mərd, cəsur oğulları göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, Vətən sevgisi hər birimiz üçün ən ali hisslərdən biri olmalıdır. Bu, o müqəddəs hissdir ki, neçə-neçə Vətən oğlunu uca bir zirvədə - şəhidlik zirvəsində birləşdirib. Həmin oğullarımızın sayəsində bilmişik ki, tarixboyu igid, vətənsevər bir xalqın övladı olaraq həmişə şərəfli ölümlə fəxr etmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçün də bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, var olmaq haqqını itirməyib. Vətənimizin hər bir qarışında bir şəhid qanı var. Ona görə də hər birimiz igid oğullarımızın qanı ilə sulanan Vətən torpağını göz bəbəyi kimi qorumalı, sahib çıxmalıyıq. Yüz illər, min illər keçsə belə "Öncə Vətəndir”, – deyib canından keçən şəhidlərimizi unutmamalıyıq. Doğma Vətən torpağını qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək hər birimizin ən ümdə işi olmalıdır. Eyni zamanda, onların keçdiyi döyüş yolunu, göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə örnək göstərməliyik. Çünki şəhidlərimizin Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq.
Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Məzahir Barıyevin, Elmar Hüseynovun, Ürfət Bənnayevin, Namiq Hacıyevin, İsrayıl Əfəndiyevin, Cavid Omarovun, Fidat Məmmədovun, Fərman Yolçuyevin əziz xatirəsini yad edirik.
Barıyev Məzahir Məhəmməd oğlu
Barıyev Məzahir Məhəmməd oğlu 14 dekabr 1968-ci ildə Aslanbəyli kəndində anadan olmuşdur. 1978-ci ildə Aslanbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1986-cı ildə məktəbi bitirmişdir. 1989-cu ildə Yuxarı Salahlı kənd Peşə məktəbini də bitirmişdir. 1989-1991-ci illərdə Rusiya Federasiyasının Murmansk vilayətində hərbi xidmətdə olmuşdur. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur. 1993-cü ilin 22 iyulunda Fərəhli kəndində gedən döyüş zamanı şəhid olmuşdur.
Hüseynov Elmar Nazim oğlu
Hüseynov Elmar Nazim oğlu 14 mart 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə Qazax şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. E.Hüseynov 1983-1985-ci illərdə keçmiş sovetlər birliyində hərbi xidmətdə olmuşdur. 1988-1993-cü illərdə Bakıda DİN-in sənaye kombinatında çalışmış və həmin kombinatın nəzdində olan texnikumda təhsilini davam etdirmişdir. Hüseynov Elmar Nazim oğlu 1993-cü ildə Milli Ordu sıralarına daxil olmuş, "N” saylı hərbi hissənin tərkibində tank taborunda xidmətə başlamışdır. 15 dekabr 1993-cü ildə Beyləqan rayonu istiqamətində atəş başlayır və Elmar Hüseynov öz tankı ilə düşmənin bir neçə atəş nöqtəsini susdurmağa nail olur. Lakin bu döyüş onun son döyüşü olur. O, torpaqların müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalır. Elmar Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı” ordeni və "İgidliyə görə” medalı ilə təltif edilmişdir. Qazax Rayon Mərkəzi Kitabxanasına Elmar Hüseynovun adı verilmişdir.
Bənnayev Ürfət Yolçu oğlu
Bənnayev Ürfət Yolçu oğlu 15 dekabr 1974-cü ildə Qazax rayonunun Bala Çaylı (əvvəlki Kommuna) kəndində anadan olmuşdur. 1980-ci ildə Bala Çaylı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1988-1990-cı illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin onuncu sinfini bitirmişdir. 1991-ci ildə hərbi xidmətə getmişdir. Bənnayev Ürfət Yolçu oğlu 7 fevral 1993-cü ildə Ağdərədə gedən döyüşlərdə itkin düşmüşdür.
Hacıyev Namiq Səhrab oğlu
Hacıyev Namiq Səhrab oğlu 17 dekabr 1974-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1981-1992-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1992-ci ilin dekabrında Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il mart ayının 1-də Ağdamda cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
Əfəndiyev İsrayıl Süleyman oğlu
Əfəndiyev İsrayıl Süleyman oğlu 25 fevral 1964-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1971-ci ildə şəhid Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Həmin ildə Bədən Tərbiyəsi Texnikumuna qəbul olmuş, 1985-ci ildə texnikumu bitirərək hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Valeh Musayev adına tam orta məktəbdə bədən tərbiyəsi müəllimi işləmişdir. Müəllim işlədiyi vaxtda səfərbərlik zamanı Milli Orduya çağırılmışdır. Ordan da Sanqaçalda "sapyor” (minaaxtaran) ixtisası üzrə zabit dərəcəsi almış, 707 saylı hərbi hissəyə göndərilmişdir. İşlədiyi müddətdə 707 saylı hərbi hissədə şəxsi işlər üzrə zabit işləmişdir. 17 dekabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babəkər dağı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli olub, 2 övladı var.
Omarov Cavid Hüseynəli oğlu
Omarov Cavid Hüseynəli oğlu 27 oktyabr 1968-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Şəhid Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Qazax zonasında xidmət etmişdir. 18 dekabr 1993-cü ildə şəhid olmuşdur. Evli olub. 2 övladı var.
Məmmədov Fidat Əhməd oğlu
Məmmədov Fidat Əhməd oğlu 20 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1978-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1980-1981-ci illərdə Bakıda 6 saylı texniki peşə məktəbində təhsil almışdır. 1993-cü il yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində gedən döyüşlərdə şəhid olmuşdur.
Yolçuyev Fərman Sabit oğlu
Yolçuyev Fərman Sabit oğlu 20 dekabr 1968-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1976-cı ildə şəhid İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 1986-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Yolçuyev Fərman Sabit oğlu 11 may 1992-ci ildə şəhid olmuşdur.
Facebook-da paylaş