Vətən sevgisi, şəhidlik zirvəsi...
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Tarix boyu Azərbaycanın igid, mərd, vətənsevər oğul və qızları sübut ediblər ki, bu xalqın övladı olaraq həmişə şərəfli ölümlə fəxr ediblər. Vətən övladları ölümün gözünə dik baxa bildikləri üçün də bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, var olmaq haqqını itirməyib... Həmin qəhrəman oğullar həmişə döyüş meydanında şərəfli ölümü, qəti qələbəni arzu ediblər özlərinə. "Geriyə yol yoxdur”, - deyən həmin oğulların göstərdikləri şücaət sayəsində bu gün fəxrlə deyə bilirik ki, Vətənimizin hər bir qarışında bir şəhid qanı var. Ona görə də bizlər nə igid oğullarımızın qanı ilə sulanan Vətən torpağını, nə də qəhrəmanlarımızın şücaətini unuda bilmərik. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanları məhz bizlər yaşatmalı, gələcək nəsillərə tanıtmalıyıq. Bu, hər kəsin vətəndaşlıq borcu olmalıdır.
Şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılan qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.
Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.
GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Qorxmaz Nağıyevin, Mürsəl Qocayevin, Məhəmməd Alisgəndərovun, Mahmud Mahmudovun, Natiq Məmmədovun, İlqar Həsənqarayevin, İsə Almazovun, Surxay Məmmədovun əziz xatirəsini yad edirik.
Nağıyev Qorxmaz Nadir oğlu
Nağıyev Qorxmaz Nadir oğlu 17 iyun 1965-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1972-ci ildə Bala Çaylı kənd 8 illik məktəbin birinci sinfinə daxil olub, 1980-ci ildə həmin məktəbi bitirib. 1981-82-ci illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra sovet ordusunda xidmət edib. Qayıtdıqdan sonra kənddə fərdi təsərrüfatla məşğul olub. 14 iyun 1992-ci ildə Bala Çaylı kəndində düşmən tərəfindən atılan qrat mərmisi nəticəsində şəhid olmuşdur. 15 iyun 1992-ci ildə Çaylı kəndində Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Qocayev Mürsəl Məhəmməd oğlu
Qocayev Mürsəl Məhəmməd oğlu 1 mart 1958-ci ildə Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1965-ci ildə (Əli Bayramlı) hazırki Aslanbəyli kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1975-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1977-79-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Ordudan qayıtdıqdan sonra Aslanbəyli kəndində fəhlə işləmişdir. 15 iyun 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhəddində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.
Alisgəndərov Məhəmməd Mahmud oğlu
Alisgəndərov Məhəmməd Mahmud oğlu 1 iyul 1933-cü ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. Aslanbəyli kəndində yaşamışdır. 15 iyun 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhəddində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Mahmudov Mahmud Abdulla oğlu
Mahmudov Mahmud Abdulla oğlu 23 iyul 1971-ci ildə Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1978-ci ildə Yuxarı Əskipara kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə Milli Orduya xidmətə çağırılmışdır. 15 iyun 1993-cü ildə Məzəm kəndində gedən döyüşlərdə minaya düşərək şəhid olmuşdur. Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir.
Məmmədov Natiq Məhəmməd oğlu
Məmmədov Natiq Məhəmməd oğlu 12 avqust 1967-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1974-cü ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1985-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağırılmışdır. Ordudan tərxis olunduqdan sonra polis orqanlarında çalışmışdır. Məmmədov Natiq Məhəmməd oğlu 16 iyun 2005-ci ildə Məzəm kəndində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəli idi. 2 övladı var.
Həsənqarayev İlqar Həmid oğlu
Həsənqarayev İlqar Həmid oğlu 3 aprel 1972-ci ildə Kürdəmir rayonunun Xınışlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kənd orta məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə həmin orta məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 18 iyun 1994-cü ildə Biləcəri yolunda hərbi texnikanın qəzası nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Almazov İsə Ziyad oğlu
Baş gizir Almazov İsə Ziyad oğlu 20 iyun 1977-ci il tarixində Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2001-ci ildə Silahlı Qüvvələrin Zabit Heyətinin Təkmilləşdirmə kursları nəzdində gizir hazırlanma kursunu bitirmişdir. 2001-2007-ci illərdə hərbi hissədə döyüş maşın komandiri – manqa komandiri vəzifəsində xidmət etmişdir. 2007-2014-cü illərdə hərbi hissədə bölüyün baş çavuşu vəzifəsində xidmət etmişdir. 13.01.2001-ci ildə gizir, 29.06.2001-ci ildə isə baş gizir hərbi rütbələrini almışdır. Nümunəvi xidmətləri nəzərə alınaraq baş gizir İ.Almazov Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi” və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi” yubiley medalları ilə təltif olunmuşdur.
Baş gizir Almazov İsə Ziyad oğlu 31 iyul 2014-cü il tarixində saat 19:45 radələrində Qazax rayonunun Kəmərli kəndi istiqamətində düşmən bölmələrinin atəşkəsi pozması nəticəsində baş vermiş döyüşdə düşmənə layiqli cavab vermiş, geri çəkilməmiş, qəhrəmancasına vuruşaraq başından aldığı güllə yarasından həlak olmuşdur.
Baş gizir İ.Almazov xidmət etdiyi dövrdə nümunəvi xidməti ilə həmişə fərqlənmiş, bir neçə dəfə komandanlıq tərəfindən mükafatlandırılmışdır.
Baş gizir İ.Almazov bütün kollektivin hörmətini qazanmaqla yanaşı, digər hərbi qulluqçulara da bir nümunə idi. O, bunu şəhidliyi ilə sübut etdi və doğma torpağın müdafiəsində şəhid olaraq əbədiyyətə qovuşdu. Cəsur döyüşçü baş gizir Almazov İsə Ziyad oğlunun əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaqdır.
Baş gizir İ.Almazov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli Əmrinə əsasənölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.
Məmmədov Surxay Nəsib oğlu
Məmmədov Surxay Nəsib oğlu 25 oktyabr 1965-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1973-cü ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə getmişdir. 1983-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 21 iyun 1992-ci ildə şəhid olmuşdur.
Facebook-da paylaş