Qazaxda “Şəhidlərimizi Tanıyaq və Tanıdaq” adlı layihəyə start verilib
Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Gəncliyin
Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi "Şəhidlərimizi Tanıyaq və Tanıdaq”
adlı layihəsini həyata keçirir. Layihə 2017-ci ilin mart ayının 2-də Ağcabədi-Beyləqan
istiqamətində düşmənlə qoşunlarımızın təmas xəttində gedən döyüşlərdə şəhid
olmuş 1997-ci il təvəllüdlü Qazax rayonunun Daş Salahlı kənd sakini şəhid
Süleymanov Süleyman Elçin oğlunun xatirəsinə həsr olunub. "Gəncliyin Təşəbbüsü"
Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev GOYEZEN.AZ saytına bildirib ki, layihənin əsas məqsədi sərhəd
rayonu olan Qazax rayonunda gənclərin asudə vaxtlarını düzgün və səmərəli təşkil
etməkdir. Eyni zamanda, düşmənlə təmas
xəttində gedən döyüş zamanı şəhid olmuş, Qazax
rayonunun Daş Salahlı kənd sakini şəhid Süleymanov Süleyman Elçin oğlunun xatirəsini
əziz tutmaq, daima yad etmək, onun ailəsinə mənəvi dəstək olmaq, gənclər
arasında vətənpərvərlik hisslərinin aşılanması, Vətənə və dövlətə bağlılığın
artırılması, sağlam həyat tərzinin təbliği və gənclərin bədən tərbiyəsi, idmana
yönəlməsidir. A.Əliyev qeyd edib ki, layihə 01.12.2018-ci il
tarixdən 28.02.2019-cu il tarixədək davam edəcəkdir. Layihə çərçivəsində şəhidin xatirəsinə həsr olunmuş mini-futbol və Qol
güləşi üzrə turnirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün layihənin
icrası çərçivəsində şəhid Süleyman Süleymanovun Daş Salahlı kənd qəbiristanlığında
yerləşən məzarı ziyarət olunub, ailəsi ilə görüşülüb. Bu gündən start
götürən tədbirdə Qazaz Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar
Orucov, layihə rəhbəri, "Gəncliyin
Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev, Dini
Qurumlarla iş üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhun
Rüstəmov, gənc
rəssam Akif Əmirov, rayon Təhsil şöbəsinin nümayəndəsi Pərviz Alməmmədov,
Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, RİHB-nin kənd İƏD üzrə
nümayəndəliyinin, kənd bələdiyyəsinin nümayəndələri, şəhidin vaxtilə oxuduğu
A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin müəllim və
şagirdləri, şəhidin ailə üzvləri, yaxınları, doğmaları və KİV nümayəndələri iştirak
ediblər. Tədbirdə öncə şəhidin ruhuna dualar oxunub, əziz
xatirəsi böyük ehtiramla yad olunub. Sonra keçdiyi döyüş yolundan,
mübarizliyindən söhbət açılıb. Rayonumuzda Vətənin
müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların
ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi fəaliyyətə
başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə
daim qayğı ilə yanaşması qeyd olunub. Bildirilib ki, son iki il yarımda
şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış
abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı
şəkildə təmir edilməsi bu dediklərimizin əyani sübutudur. Şəhərin mərkəzində
yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq işləri, xüsusilə də 285 şəhidin
adı və şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli
işlərdir. Bundan əlavə, rayonumuza
gələn qonaqların şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər
Xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan
böyük ehtiramdır. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı
ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri,
hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər Xiyabanında ruhlarına
dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad
olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir. Şəhidin ailə üzvləri Vətən, dövlət, torpaq sevgisinin artırılması, vətənpərvərlik
hissinin yüksəldilməsi istiqamətində həyata keçirilən layihəni yüksək
qiymətləndirdiklərini bildiriblər. Övladlarının xatirəsinin əziz tutulmasına
görə layihənin təşkilatçılarına və əməyi keçən insanlara minnətdarlıqlarını
çatdırıblar. Sonra məktəblilər Vətənə və şəhidlərimizə həsr
olunmuş şeirlər səsləndiriblər. Sonda şəhidin
yaşadığı ata ocağı və xatirəsinə tikilmiş bulaq ziyarət olunub.
Facebook-da paylaş