• Təqvim

  • Maraq



Qazaxda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib


Qazax Rayon İcra Hakimiyyətinin 2023-cü il üçün mülki müdafiə tədbirlər planına əsasən, 22 noyabr 2023-cü il tarixində rayonun ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqinin keçirilməsini təmin etmək məqsədilə Qazax RİH başçısının 14 noyabr 2023-cü il tarixli 9-23/270 nömrəli Sərəncamı imzalanıb. 

Sərəncamın icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə noyabrın 22-də Qazax Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib. 

Qazax Suvarma Sistemləri İdarəsinin ərazisində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Fuad Muradov, şöbənin baş zabiti, kapitan İlham Məhərrəmov iştirak ediblər.  

Məşqə müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələrinin, rayon kommunal xidmətlərinin, ərazi xilasetmə və kəşfiyyat dəstələrinin şəxsi heyət və texnikaları cəlb olunub. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Məmməd Alıyev giriş sözü ilə çıxış edərək qonaqları və iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. FHN Gəncə Regional Mərkəzi ilə olan əməkdaşlıqdan söz açan birinci müavin mütəmadi olaraq maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, həmin tədbirlərin bu gün də nümunəvi tədbir kimi yadda qaldığını qeyd edib. Mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayan M.Alıyev bundan sonra da baş verə biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınması istiqamətində məqsədyönlü işlərin görüləcəyini, FHN Gəncə Regional Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq şəraitində lazımi tədbirlərin keçiriləcəyini bildirib. 


Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Fuad Muradov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, mərkəzlə olan əməkdaşlığa, daim göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. F.Murdov “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanının 2-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə təsdiq edilmiş Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydasından, Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydasını müəyyən edən sənədlərdən, Azərbaycan Respublikasının mülki müdafiə planı və Azərbaycan Respublikasının illik mülki müdafiə tədbirləri planından danışıb. Natiq çıxışı zamanı obyekt məşqinin, rəhbər heyətin toplanış məşqinin, xəbərdarlıq toplanış məşqinin, kompleks mülki müdafiə təlimlərinin əhəmiyyətindən söz açaraq bu barədə geniş məlumat verib. 

Bugünkü məşqin keçirilməsində əsas məqsəd fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunması, rabitə və xəbərdarlıq sisteminin vəziyyəti, fövqəladə hadisələr təhlükəsi yaranan və ya baş verən zaman mülki müdafiə qüvvələrinin xəbərdarlığı və toplanışı üzrə hazırlığının qiymətləndirilməsi olub.

Məşq zamanı Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Məmməd Alıyev və Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin məsul əməkdaşları tərəfindən qüvvələrə baxış keçirilib.

Təlim uğurla reallaşdırılıb və qarşıya qoyulan məqsədlərə nail olunub.



Facebook-da paylaş