• Təqvim

  • Maraq



Qarabağda antiterror tədbirləri zamanı yaralanmış əsgər Niyazi Quluyev müalicə aldığı xəstəxanada ziyarət edilib


2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu Şəhidlik zirvəsinə yüksəldi. 

Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri  zamanı igidlik göstərərək qəhrəmanlıq dastanı yazdılar.

Antiterror tədbirləri zamanı şəhidlərimizlə yanaşı, yaralılarımız da oldu. Qazaxın igid, qəhrəman oğulları ölümün gözünə dik baxaraq xidməti vəzifələrini layiqincə yerinə yetirdilər. Antiterror tədbirləri zamanı Qazaxın 11 nəfər igid oğlu yaralandı. Antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək yaralanan igid oğullarımızdan biri də Qazax rayonunun Cəfərli kənd sakini əsgər Quluyev Niyazi Allahverdi oğludur. 


Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda hər zaman əsas götürülür. Bütün qazilərimiz, yaralılarımız kimi, antiterror tədbirləri  zamanı yaralanmış oğullarımız da diqqətdə saxlanılır.    

Noyabrın 2-də Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və icra aparatının digər məsul şəxsləri səhhəti ilə əlaqədar Qazax Rayon Mərkəzi Xəstəxanasında müalicə alan Niyazi Quluyevi ziyarət ediblər. Yaralının səhhəti ilə maraqlanan birinci müavin hər zaman olduğu kimi, qayğı göstərmələrini, diqqət ayırmalarını bildirib.

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova yaralımızın səhhəti barədə məlumat verərək vəziyyətinin normal olduğunu, həkimlərin əlindən gələni əsirgəmədiyini, hər cür kömək göstərildiyini bildirib. 


Yaralı Niyazi Quluyev də öz növbəsində razılığını ifadə edib. İstər xəstəxanada müalicə alan zaman, istərsə də ev şəraitində davam etdirən müddətdə dövlətin qayğısını hiss etdiyini söyləyib. Yaralılara olan yüksək dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü ziyarəti həmin qayğının davamı kimi qiymətləndirib.

Məlumat üçün qeyd edək ki, Quluyev Niyazi Allahverdi oğlu 3 aprel 2005-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olub. 2011-ci ildə Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olub, 2021-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. Həmin ildə Qazax Peşə liseyinə daxil olub. 2023-cü ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə gedib. N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdədir. 19.09.2023-cü il tarixində başlayan Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərində iştirak edib. Ağdam-Ağdərə istiqamətində 20.09.2023-cü il tarixdə düşmən tərəfindən atılmış minaatan mərmisinin düşməsi nəticəsində kürək nahiyəsindən qəlpə yarası alıb.

GOYEZEN.AZ



Facebook-da paylaş