• Təqvim

  • Maraq



İcra başçısı Qarabağda antiterror tədbirləri zamanı yaralanmış gizir İftixar Abdullayevi evində ziyarət edib


2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu Şəhidlik zirvəsinə yüksəldi. 

Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri  zamanı igidlik göstərərək qəhrəmanlıq dastanı yazdılar.

Antiterror tədbirləri zamanı şəhidlərimizlə yanaşı, yaralılarımız da oldu. Qazaxın igid, qəhrəman oğulları ölümün gözünə dik baxaraq xidməti vəzifələrini layiqincə yerinə yetirdilər. Antiterror tədbirləri zamanı Qazaxın 11 nəfər igid oğlu yaralandı. Bu gün onlardan 5 nəfəri Bakı şəhərində yerləşən hərbi hospitalda, 6 nəfəri isə ev şəraitində müalicələrini davam etdirirlər. 

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə göstərdikləri dövlət qayğısını hər zaman əsas götürən rayon rəhbərliyi bütün qazilərimiz, yaralılarımız kimi, antiterror tədbirləri  zamanı yaralanmış oğullarımızı da diqqətdə saxlayır.   

Oktyabrın 12-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov antiterror tədbirləri  zamanı yaralanmış igid Vətən oğulları - Qızıl Hacılı kənd sakini, 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuş baş gizir Məmmədov Rahib Ayət oğlu, Yuxarı Salahlı kənd sakini, 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş gizir Allahyarov Ramil Cəlal oğlu, Aşağı Salahlı kənd sakini, (MAHHXHQ) çavuş Yusubov Rəhman Kamil oğlu, Xanlıqlar kənd sakini, 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Füzulinin  azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, (MAHHXHQ) Məmmədov Sənan Niyazi oğlu, Yuxarı Salahlı kənd sakini, müddətli həqiqi hərbi xidmətdə olan əsgər Qocayev Emin Anar oğlu ilə görüşüb. İcra aparatının məsul işçiləri ilə birlikdə yaralılarımızın qayğıları ilə maraqlanıb, istəklərini, təkliflərini dinləyib.


İcra başçısı Rəcəb Babaşov antiterror tədbirləri  zamanı yaralanmış Yuxarı Salahlı kənd sakini, 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş gizir Abdullayev İftixar Nəsib oğlunu isə səhhəti ilə əlaqədar evində ziyarət edib. Rayon rəhbəri icra aparatının məsul əməkdaşları ilə birlikdə Yuxarı Salahlı kəndində olub, yaralımıza evində baş çəkib. İgid Vətən oğlunun səhhəti və qayğıları ilə maraqlanıb. Rayon rəhbəri bir daha şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralımıza cansağlığı, tezliklə sağlamlığına qovuşmasını arzulayıb. İcra başçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əsl qəhrəmanlıq göstərdiyini, hərbçilərimizin gücü, cəsarəti sayəsində düşmənin hər zaman məğlub olduğunu, Vətən uğrunda canından keçən bütün şəhidlərimizin qisaslarının alındığını, qanlarının yerdə qalmadığını bildirib. “Nə yaxşı ki, sizin kimi igid oğullarımız var”, - söyləyən rayon rəhbəri torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizlə, sağlamlığını itirən qazilərimizlə bu gün hər kəsin fəxr edib, qürur duyduğunu bildirib. Əldə etdiyimiz tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. “Bu gün özümə borc bildim ki, gəlib ziyarət edim, bir daha sizin kimi oğullara minnətdar olduğumuzu çatdırım”, - deyən icra başçısı nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim yad ediləcəyini, onların qəlblərdə əbədi yaşayacağını, qazilərimizin, yaralılarımızın heç zaman unudulmayacağını qeyd edib. “İstər vətəndaş, istərsə də dövlət məmuru olaraq hər kəsin borcudur ki, şəhidlərimizin adlarını əziz tutaq, yaşadaq, qazilərimizə, yaralılarımıza qayğı göstərək. Bu gün ölkə başçısı, Birinci vitse-prezident şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəsə örnək olmalıdır”, - deyən icra başçısı şəhid ailələrinə, qazilərimizə, yaralılarımıza göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Yaralı gizir İftixar Abdullayev də öz növbəsində razılığını ifadə edib. İstər xəstəxanada müalicə alan zaman, istərsə də ev şəraitində davam etdirən müddətdə dövlətin qayğısını hiss etdiyini söyləyib. Yaralılara olan yüksək dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü ziyarəti həmin qayğının davamı kimi dəyərləndirib.  

GOYEZEN.AZ



Facebook-da paylaş