• Təqvim

  • Maraq



Füzuli rayonunun işğaldan azad olunduğu 17 oktyabr tarixi xalqımızın yaddaşına əbədi həkk olunub


2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən, İkinci Qarabağ savaşından sonra bütün dünya qalib Azərbaycanın uğurlarına şahidlik edir. Artıq hər gün ölkəmizin, dövlətimizin həyatına, xalqımızın yaddaşına əlamətdar hadisələrlə yazılır. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi də dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 Oktyabr - Füzuli Şəhəri Günü kimi müəyyən olunub. Xalq olaraq bu günü qürurla qeyd edirik. Lakin ötən illər ərzində baş verənləri, Füzuli rayonunun necə işğal olunduğunu da unutmuruq. 

Füzulinin işğalı bu gün də gözlərimiz önündə canlanır. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

Hər kəsə yaxşı məlumdur ki, Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 kv.km-dir.

Onu da qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.

Hər kəs yaxşı bilir ki, işğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. 

Əlamətdar tarixlərdən biri də odur ki, 5 yanvar 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə baş tutumuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.

Rayonun işğaldan azad olunması, o qürur dolu anlar bu gün də minnətdarlıqla xatırlanır. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Ağır döyüşlərdən söz açarkən birmənalı şəkildə deyə bilərik ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta, ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.

Qəhrəman Ordumuzun şücaəti bu gün də xalq olaraq bizi qürurlandırır.  Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

Füzuli rayonunun azad olunması şərəfinə “Füzulinin azad olunmasına görə” medal təsis olunmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 


Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 Oktyabr - Füzuli Şəhəri Günü kimi müəyyən olunub ki, bu hər kəsi qürurlandırır. 

Bu gün əminliklə söyləyə bilərik ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir.

Bu gün həm də qürurverici haldır ki, Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur. Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı.

Dostluq rəmzi sayılan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.

Füzuli rayonunun yeni inkişaf dövrü xalqımızın yaddaşına əbədi həkk olunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərləri Azərbaycan xalqına unudulmaz anlar bəxş edir.

16.11.2020-ci il tarixdə olan səfərdə Müzəffər Ali Baş Komandan Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltdı. Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimində iştirak etdi.

14.01.2021-ci il tarixli səfər Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin, Füzuli rayonunda hava limanının təməllərinin qoyulması ilə yadda qaldı.

14.02.2021-ci il tarixli səfər Füzuli şəhərinin Baş planın təsdiqlənməsi, Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanışlıq, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi ilə yaddaşlara yazıldı. 

15.03.2021-ci il tarixdə olan səfər zamanı Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi oldu.

14.06.2021-ci il tarixdə baş tutan səfərdə Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri, Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanışlıq oldu. “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyasının açılışı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli rayonunda qarşılanması ilə yadda qaldı. 

29.08.2021-ci ildə olan səfərdə Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi, Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanışlıq oldu.

17.10.2021-ci ildə edilən səfər Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə olan görüş, Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimləri ilə yaddaşlara əbədi həkk olundu. 

26.10.2021-ci ildə olan səfər cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi ilə xalqımıza qürur dolu anlar yaşatdı.  

10.05.2022-ci il tarixli səfər Peşə Liseyinin təməlqoyma mərasimi ilə yadda qaldı.  

26.05.2022-ci il tarixdə olan səfərdə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanışlıq oldu. 

27.09.2022-ci ildə edilən səfərdə Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsi ziyarət olundu.

07.11.2022-ci ildə olan səfər zamanı Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanışlıq oldu.

05.05.2023-cü ildə edilən səfər də əlamətdar hadisələrlə yadda qaldı. Səfər zamanı Füzuli rayonunun Pirəhmədli kəndinin təməli qoyuldu. Füzuli-Hadrut avtomobil yolunun açılışı oldu. Füzuli rayonunun Dədəli kəndinin təməli atıldı. Füzuli yaşayış kompleksinin tikintisinin gedişi ilə tanışlıq oldu. Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməli qoyuldu. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı oldu. Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanışlıq oldu. Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyuldu.

23.08.2023-cü il tarixdə olan səfər də xalqımıza unudulmaz anlar bəxş etdi. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı, Füzuli şəhər yaşayış kompleksində yaradılmış şəraitlə, Füzuli şəhərinin Baş planı ilə tanışlıqla yadda qaldı.



Facebook-da paylaş