• Təqvim

  • Maraq



Bu həftə ərzində idarə, müəssisə, təşkilat və xidmət sahələrinə müraciət etmiş vətəndaşların istəkləri dinlənilib


Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bütün sahələrdə vətəndaş amilini, vətəndaş məmnunluğunu əsas götürməsi o deməkdir ki, bu amil dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu, eyni zamanda hər bir dövlət məmuru üçün nümunədir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 19 idarə və müəssisədən 9-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 255 nəfər vətəndaş qəbul edilib. Onlardan 138 nəfərin müraciəti müsbət həll olunub, 117 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 12 nəfər vətəndaş müraciət edib. Onlardan 3 nəfər xəstəlik, 3 nəfər işə qəbul, 3 nəfər digər xəstəxanalara göndəriş, 1 nəfər əlillik, 1 nəfər sənəd, 1 nəfər digər məsələ ilə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 8-i yerində həll edilib, 4-ü isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 5 nəfərin müayinə, 5 nəfərin səhhəti ilə bağlı istəyi təmin olunub. 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 138 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 96 nəfərin istəyi müsbət həll edilib, 42 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 78 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 14 nəfərin istəyi müsbət həll edilib, 64 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına həftə ərzində müraciət etmiş 1 nəfərin nömrənin ünvan dəyişməsi, 1 nəfərin telefon xəttinin bərpası ilə bağlı istəyi müsbət həllini tapıb. 

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş vətəndaşlardan 1 nəfərin kanalizasiya xəttindəki qəza, 1 nəfərin su xəttindəki qəza, 2 nəfərin su sayğacının qoyulması ilə bağlı istəkləri müsbət həll edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 4 nəfər vətəndaşın işlə təmin olunma, 1 nəfər vətəndaşın övladının pensiyası, 1 nəfər vətəndaşın məktəbdə giriş qapısının açılması ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb. 

Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinə müraciət etmiş 1 nəfərin qazın təzyiqi ilə bağlı istəyi təmin edilib. 1 nəfərin qaz xəttinin çəkilişi ilə bağlı müraciətinə qanunamüvafiq qaydada izahat verilib.

Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 3 nəfər vətəndaşın SMS sayğaca pul yüklənməsi ilə bağlı müraciətləri təmin edilib. 

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ



Facebook-da paylaş