• Təqvim

  • Maraq



Tanınmış alim Cavid Səfərov bu gün doğulduğu Qazax rayonunun Ürkməzli kənd qəbiristanlığında torpağa tapşırılıb


Azərbaycan və dünya elminə ağır itki üz vermişdir. Qazaxlı ziyalılarımızdan biri - Almaniyanın Rostok Universitetinin "Texniki Termodinamika” kafedrasının dosenti dr. Cavid Səfərov 27 mart 2022-ci il tarixində səhər saatlarında Rostok şəhərində yaşadığı evdə ürək tutmasından vəfat etmişdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Cavid Səfərovun vəfatından kədərləndiyini bildirir, qazaxlı ziyalılar və rayon ictimaiyyəti adından Səfərovlar ailəsinə dərin hüznlə başsağlığı verir, bu ağır günlərdə Tanrıdan onlara səbir, dözüm, dəyanət diləyir.

Cavid Səfərov 1965-ci il dekabrın 10-da Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1982-ci ildə Ürkməzli kənd tam orta məktəbi bitirmiş, həmin il də Azərbaycan Texniki Universitetinin (əvvəlki Azərbaycan Politexnik İnstitutu) mexanika fakültəsinin Soyuducu komperssor maşın və qurğuları ixtisasına daxil olmuşdur. 1989-cu ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirərək Mühəndis-mexanik ixtisasına yiyələnib. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin İstilik və soyuqluq texnikası kafedrasında tədqiqatçı-mühəndis kimi əmək fəaliyyətinə başlayan dr. Cavid Səfərov sonralar dünyanın ən məşhur elmi-tədqiqat mərkəzlərində çalışmışdır. 1991-ci ildə Azərbaycan Texniki Universitetində əyani aspiranturaya daxil olmuş, 1993-cü ildə vaxtından əvvəl Alifatik spirtlərin və onların binar qarışıqlarının termal xassələri mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 1993-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin İstilik və soyuqluq texnikası kafedrasında baş laborant, assistant, dosent vəzifəsində çalışmışdır. 1995-ci ildə Türkiyənin Ankara şəhərinin nüfuzlu Bilkent Universitetində elmi təcrübə keçmişdir. 2005-ci ildə Azərbaycan Texniki Universitetinin İstilik və soyuqluq texnikası kafedrasının dosenti diplomunu almışdır. 2005-2006-cı illərdə Almaniyanın Erlangen-Nürnberq Universitetində elmi işçi kimi çalışmışdır.

Cavid Səfərov molekulyar fizika və termodinamika sahəsində dünyada tanınmış və əsərlərinə böyük istinad edilən alimlərdən olub. Onun rəhbərliyi ilə dünyada ilk dəfə olaraq Rostok Universitetində yüksək təzyiq və temperaturlarda mayelərin sıxlığının araşdırılması, mayelərdə qazların həll olması, mayelərin termal və nəql xassələrinin araşdırılması işlərini həyata keçirmək üçün laboratoriya yaratmışdır.

Cavid Səfərov həm də təvazökar, əl tutan alimlərdən idi. O, 2006-cı ildən Almaniyanın Rostok Universitetinin Texniki Termodinamika kafedrasında fəaliyyətə başlamış və Almaniyada onlarca azərbaycanlı gənc alim və tədqiqatçıların yetişdirilməsində müstəsna xidmətlər göstərmişdir. Həmçinin Cavid Səfərov Almaniyada Azərbaycan diasporunun fəaliyyətində ölkəmiz adına əhəmiyyətli işlərin görülməsində yaxından iştirak etmişdir.

Qeyd edək ki, Cavid Səfərovun nəşi Almaniyadan Azərbaycana gətirilərək martın 30-da rayon ictimaiyyətinin, kənd sakinlərinin iştirakı ilə doğulub boya-başa çatdığı Qazax rayonunun Ürkməzli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

GOYEZEN.AZ



Facebook-da paylaş