• Təqvim

  • Maraq



Qazax Sement Zavodu daha 5 kənddə İkinci Qarabağ müharibəsinin yaralılarına sovqat çatdırıb


Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətliAzərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq hələ uzun illər dillərdə dastan olacaq. Azərbaycan xalqı hər zaman şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin qətiyyəti, Prezidentimizin iradəsi, Prezident-xalq-ordu birliyi sayəsində qazandığımız tarixi Qələbəni qürur hissi ilə xatırlayacaq. Bir ömür boyu "Qarabağ bizimdir!”, "Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxan və sonunda bizləri böyük Zəfərlə sevindirən Ali Baş Komandana və igid Vətən oğullarına minnətdar olacağıq.

Bizlərə böyük tarixi Qələbəni bəxş edən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə, onların ailələrinə, Vətən naminə fiziki sağlamlıqlarını itirmiş yaralı qazilərimizə qayğı göstərmək, diqqət ayırmaq hər birimizin borcu olmalıdır.

Tikinti sektorunda fərqlənməyi bacaran "Qazax Sement Zavodu” MMC xeyirxah əməlləri ilə də hər zaman seçilir. Fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə qayğı göstərən zavod rəhbərliyi öz ənənəsinə sadiq qalıb. İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, yaralanmış və xəsarət almış qazilərimizi unutmayıb.

Respublika Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışını əldə rəhbər tutaraq, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan zavod rəhbərliyi yaralı qazilərimizi evlərində ziyarət edib, onlara qayğı göstəriblər.

Qazax Rayon İcra Hakimiyyətinin və zavodun əməkdaşları rayonun daha 5 kəndində -  Yuxarı Salahlı, Aşağı Salahlı, Orta Salahlı, Qazaxbəyli Hüseynbəyli kəndlərində olublar. Yaralılarımızla, onların ailə üzvləri ilə görüşərək müxtəlif ərzaq məhsullarından ibarət sovqat çatdırıblar.

Vətən müharibəsində iştirak edən şanlı Azərbaycan Ordusunun bütün əsgər və zabitləri, hərbçiləri ilə başda Ali Baş Komandan olmaqla, bütün Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu vurğulayıblar.

Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıya görə razılıq edən yaralılarımızın ailələri ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Göstərilən dəstəyə və bu cür təşəbbüsü həyata keçirən "Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Məlumat üçün bildirək ki, artıq 9 kənddə yaralılarımız ziyarət olunub. Digər kəndlərdə də sovqat çatdırılması davam edir.









 

GOYEZEN.AZ



Facebook-da paylaş