Ermənistanda böhran içində böhran yaşanır
Bütün
dünyanı cənginə alan koronavirus (COVID-19) infeksiyası can almaqda davam edir.
Virusa yoluxanların, eləcə də infeksiya səbəbindən ölənlərin sayı durmadan artır.
Qonşu Ermənistan dövlətində də vəziyyət gündən-günə pisləşir. Bunu Ermənistanın
Baş naziri Nikol Paşinyanın çıxışlarında söylədiyi fikirlərdən də aydın şəkildə
görmək olur. O, özü qeyd edir ki, koronavirus pandemiyası dövründə vətəndaşların
sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin
yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial
dayaqlarını itirir. Erməni
mətbuatı isə N.Paşinyanın aqoniya vəziyyətində olduğunu iddia edir, bunun əsas
səbəbini də parlament müxalifətinin, xüsusilə də Çiçəklənən Ermənistan
Partiyasının açıq şəkildə hökumətin tam tərkibdə istefasını tələb etməsində
görür. Son
günlər Ermənistan hakimiyyətində baş verənlər göstərir ki, N.Paşinyanın müxalifətin
və Çiçəklənən Ermənistan Partiyasının istefaya çağırış tələblərinə cavabı
gecikmədi, Milli Təhlükəsizlik Xidməti 14 iyunda Çiçəklənən Ermənistan
Partiyasının sədri Qaqik Sarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət
işi açdı. 14 iyunda Təhlükəsizlik Xidməti əməkdaşlarının Sarukyanın evində
axtarış aparması siyasi mühiti daha da gərginləşdirib. N.Paşinyanın
həmləsinə Sarukyanın cavabı gecikmədi, Çiçəklənən Ermənistan Partiyasının
parlament fraksiyası (25 deputat) və tərəfdaşları 15 iyunda Təhlükəsizlik Xidmətinin
binası qarşısına gələrək mitinq keçirib, "Paşinyan get!”, "Sarukyan Baş nazir!”
şüarlarını səsləndirib. Mətbuat qeyd edir ki, bu mitinqdə aralarında
deputatların da olduğu 90 nəfər saxlanılıb. 15
iyunda Sarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi
ilə ona qarşı təzyiqlərin başladığını, bununla pandemiya dövründə hökumətin
bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin
məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Sarukyanın 2-3 aydan
sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə ciddi
rezonans doğurub. 15
iyunda Baş Prokuror parlamentə müraciət edərək Çiçəklənən Ermənistan
Partiyasının sədri Qaqik Sarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi
ilə bağlı müraciət göndərib. 16 iyunda məsələ parlamentdə müzakirə edilib və 87
səslə Sarukyanın deputat toxunulmazlığı qaldırılıb. Çiçəklənən Ermənistan və
İşıqlı Ermənistan parlament fraksiyası iclasda iştirak etməyib. Beləliklə, Sarukyanın
həbs edilməsinin qarşısında ən böyük hüquqi maneə aradan qaldırıldı. N.Paşinyan
hökuməti Sarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiklərini bildirsə də,
bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və onu zərərsizləşdirmək
üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər. Sarukyanla
bağlı son hadisələr fonunda "azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların,
beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət
doğurur. Sarukyanın
tərəfdarları 17 iyunda Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə
cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı
kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb. Polis aksiyanı işıqlandıran
jurnalistlərə qarşı güc tətbiq edib. Halbuki,
hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə
orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə
imkan yaradılması və s. kimi Qərbin "önəm verdiyi” bütün dəyərlər ayaq altına
salınıb. Sual yaranır, Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası
Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı
səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki,
sanki heç nə baş verməyib. Bu
ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub. Ermənistanda müxalif siyasətçi
və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə
niyə reaksiya verilmədi? Populist
çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı
altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv
vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq
zərərsizləşdirməsi heç kimə sirr deyildir. Ermənistanın baş naziri öz siyasi rəqiblərini
bir-bir həbsə atır, onları "asfalta uzatmaqla” hədələyir və asfalta uzadır.
N.Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə
cinayət işləri açılmış və hazırda istintaq davam edir. Gələcəkdə
özünə rəqib olacaq və ya rəqib olma ehtimalı olan istənilən şəxsi korrupsiya ilə
mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu N.Paşinyanın əl-qolunu
daha da açır. Son hadisələrdən sonra Ermənistanda N.Paşinyanı diktator hesab edənlərin
sayı artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi
böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. N.Paşinyanın
yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar
inqilabi diktatura qurulmuşdur. N.Paşinyanın
erməni oliqarx Samvel Aleksanyan ilə qohumluq əlaqələrinin formalaşması onun əsl
niyyətindən xəbər verir. Belə ki, erməni mətbuatında hakimiyyətdən öz şəxsi
maraqları üçün istifadə edən N.Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən
öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc
edilir. Küçə
adamından baş nazir pilləsinə kimi irəliləmiş N.Paşinyanın amerikalı iş adamı
Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi
gün kimi hər kəsə aydındır. N.Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri
və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə
bəllidir. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir. Ermənistanın
hazırki hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur.
N.Paşinyanın nəzarəti altında olan erməni KİV-ləri bunu daha çox kilsənın
hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx əməkdaşlığını
əsas gətirsələr də, əslində məsələnin məğzi tam başqadır. Məlumdur ki, ermənilərin
yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə
böyük miqdarda maliyyə yardımı göstərirlər. Bu halda, pul axınının böyük hissəsinə
nəzarət etmək istəyən N.Paşinyana kilsənin "yağlı tikə”ni güzəştə getməməsi də
təbiidir. Heç kimə sirr deyil ki, koronavirusun Eçmədzində yayıldığı ərəfədə
kilsə rəhbərinin qaçması şəklini mətbuata məhz N.Paşinyan ötürmüşdür. Qərbin
ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır.
2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən
Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl
edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri
uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş
Assambleyasında çıxış edən Ermənistanın baş naziri N.Paşinyan 2018-ci ilin
dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq demişdi: "25 il ərzində ilk dəfə
bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi
partiya tərəfindən şübhə altına alınmamışdır”. Yenə həmin çıxışında baş nazir
bildirir ki, "hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan
demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq”. Azərbaycanofobiyadan
ilhamlanan bəzi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in
Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri
halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa
ittiham səsləndirməyiblər. Görünür onların demokratiyasının fəlsəfəsi də budur:
Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan.
Facebook-da paylaş