FHN-in avtonəqliyyat vasitələri sahiblərinə müraciəti
Koronavirus infeksiyasının
yayılmasının qarşısının alınması məqsədilə 5 aprel 2020-ci il tarixindən ölkə
ərazisində xüsusi karantin rejiminin tətbiqi və hərəkət məhdudiyyətinin müəyyən
olunması avtomobillərdən istifadəni kəskin azaldıb və avtonəqliyyat vasitələri
əsasən yaşayış binalarının həyətyanı sahələrində park edilib. Həyatımızın ilk və kaş ki, sonuncu
olacaq karantin rejimli dövrünü yaşayırıq. Bu rejim daha çox diqqət, hər kəsə
qayğı ilə yanaşma, həmrəylik nümayiş etdirmək tələb edir! Bir çox hallarda pərakəndə şəkildə,
binaların girişlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına
qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında park edilmiş
avtomobillər fövqəladə hadisə zamanı xilasetmə, yanğınsöndürmə və digər iri
qabaritli xüsusi təyinatlı avtomobillərin hərəkətinə maneə yaradır, habelə
yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun
götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir. Son zamanlar
ölkəmizdə baş verən yanğınların təhlili, həmçinin, bir sıra xarici ölkələrdə
müşahidə olunan yanğınlar məsələ ilə bağlı vaxtında zəruri tədbirlər görməyi
tələb edir. Mövcud problem avtomobillərin saxlanılma yerlərində - həyətlərdə,
səkilərdə, su hövzələrinin yaxınlığında, hətta onların üstündə və s. kimi yerlərdən uzun müddətli park
yeri kimi istifadə halları ilə bəzi avtomobil sahiblərinə əhəmiyyətsiz görünən,
harada yer tapıram orada da saxlayıram deyərək yolları bağlayan sakinlər
özlərinin, ailə üzvlərinin, qonşularının xilası üçün gələn xilasedicilərə ciddi
maneə yaradır, onlara müqəddəs, qəhrəmanlıq tələb edən, ən qısa zamanda həyata
keçirməli olduqları vəzifələrini yerinə yetirməyə məhdudiyyətlər yaradır və
sonradan bundan ciddi fayda verməyən peşmançılıq çəkirlər. Qeyd olunanları nəzər alaraq, baş
verə biləcək yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və
yanğınsöndürmə avtomobillərinin, digər iri qabaritli xüsusi təyinatlı
texnikaların binaların həyətinə maneəsiz daxil oması, su hovuzları və
hidrantlardan rahat istifadə imkanına malik olmaları, döyüş vəziyyətinə
gətirilmə üçün tələb olunan normativlərə sığışa bilmə üçün vətəndaşlardan
avtomobillərini yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi
saxlamaqla park etmələrinin vacibliyini bir daha xatırladırıq.
Facebook-da paylaş