Qazaxda “Yaşıl Patrul” Ekoloji İctimai Nəzarət və Qərargahlarının yaradılması Ümumrespublika Marafon layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və "Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqəsində qalib Marafon layihəsi olan ""Yaşıl Patrul” Ekoloji İctimai Nəzarətin yaradılması və qərargahlarının təşkili” üçün geniş maarifləndirici işlərin qısa zaman ərzində və effektiv aparılmasından ötrü ümumrespublika üzrə yerli icra qurumlarının dəstəyi ilə maarifləndirici tədbirlərin təşkili məqsədilə həyata keçirilib.
Qazax Rayon Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova giriş sözü ilə açaraq qonaqları salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Dövlət tərəfindən canlı aləmin qorunması sahəsində həyata keçirilən genişmiqyaslı işlərdən, tədbirlərdən, layihələrdən söz açıb. Bu cür maarifləndirici tədbirlərin olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
"Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Layihənin məqsəd və əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, "Yaşıl Patrul” layihəsinin ideyası tənəzzülə uğrayaraq, vəfalı dostlarımızla aramızda unudulmuş dostluğun yenidən bərpası, eləcə də sayını və sağlamlığını sivil üsullarla nəzarət altına almaq üçün ictimaiyyəti mövcud qanunlarla və beynəlxalq təcrübələrlə məlumatlandırmaq, təhlükəsiz və humanistcə bu üsulların tətbiqi üçün yerlərdə mərkəzlər və bu mərkəzlərin fəaliyyətinə dəstək olacaq gənclərdən ibarət "Yaşıl Patrul” komandalarını yaratmaqdır.
İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin sədri, Sabitlik və İnkişaf İctimai Birliyinin sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin Birinci vitse-prezidenti Rasim Məmmədov mövzu ətrafında geniş məruzə ilə çıxış edib. "Yaşıl Patrul” layihəsi ilə bağlı məqsəd və məramlar, qanunlar, heyvanlarla rəftar, sivil nəzarət sahəsində müasir dünya təcrübəsindən istifadə, ölkəmizin imici və heyvanlara münasibətdə rəhimsiz davranma hallarının cəmiyyətə əks təsiri və bu halları aradan qaldırmaq üçün könüllü ekoloji nəzarətin vacibliyi və s. haqda dolğun məlumatlar çatdırıb.
Tədbir iştirakçılarından Qazax Rayon Polis şöbəsinin rəis müavini İlham Xamoyev, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, Milli Qəhrəman Samir Xasıyevin anası Gözəl Xasıyeva və başqaları çıxış edərək layihə və tədbir haqqında fikirlərini bölüşüblər.
Tədbirdə "Bağışlanılmaz səhv” qısametrajlı kinofilm, "Heyvanlar bizə nə demək istəyir?” sosial sənədli filmlər nümayiş olunub. İstedadlı ifaçılar Svetlana Əlyarova və Esmira İsmayılqızının ifalarında ekoloji mövzulu mahnılar təqdim edilib.
Tədbirdə həmçinin iştirakçılara flayer və bukletlər paylanılıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda "Yaşıl Patrul” Ekoloji İctimai Nəzarət və Qərargahlarının yaradılması Ümumrespublika Marafon layihəsi çərçivəsində ən fəal tərəfdaş olan qurum rəhbərləri "Qızıl ürək” titulu ilə təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş