Polis serjantı Yolçu Qurbanov kimi oğullarımızla fəxr edirik
“Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır! Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir”.
Bu gün əminliklə deyə bilərik ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin səsləndirdiyi bu dəyərli sözləri hər bir Azərbaycan polisi öz xidməti vəzifəsini yüksək səviyyədə yerinə yetirməklə, göstərdikləri əməli işlərlə doğruldur. Hər birimizin qürur yeri olan polislərimiz ünvanlarına səslənən fikirləri öz dövlətinin yanında olmaqla, xalqının, vətəndaşının çətin anlarında onlara kömək etməklə, dəstək göstərməklə təsdiqləyir.
Bu gün hər bir azərbaycanlı yaxşı bilir ki, ölkəsinin polisi təkcə onun təhlükəsizliyini qorumur, eyni zamanda, çətində, darda olanda onun yanında olmağı özünün həyat amalı bilir. Öz həyat və sağlamlığını təhlükəyə ataraq vətəndaşını xilas etməkdən, ona yardım əli uzatmaqdan bir an olsun belə çəkinmir.
Qürurla söyləyə bilərik ki, ölkəmizdə baş vermiş təbii fəlakətlər zamanı, həmçinin, hər hansı bir hadisə baş verən zaman polis əməkdaşlarının köməksiz vəziyyətdə qalan insanları xilas etməsi Azərbaycan polisinin peşəkarlığından, dövlətinə, xalqına, vətəndaşına olan sevgisindən, öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsindən xəbər verir.
Polis əməkdaşlarımız təkcə təbii fəlakət zamanı deyil, digər vaxtlarda da nümunəvi addımları ilə seçilməyi bacarırlar. Hər hansı bir avtoqəza zamanı ağır vəziyyətdə olan şəxsə kömək edir, təcili qan köçürülməsi lazım olduqda belə köməklərini əsirgəmirlər. Könüllü olaraq yaralıya qan verib onun həyatını xilas etməklə həm xidməti vəzifələrini layiqincə yerinə yetirir, həm də əsl insanlıq nümunəsi nümayiş etdirirlər.
Bu günlərdə rayonda baş vermiş avtoqəza zamanı Qazax Rayon Polis Şöbəsinin polis serjantı Qurbanov Yolçu Məqsəd oğlu da nümunəvi addımı ilə seçilib. Belə ki, O, avtoqəza zamanı ağır yaralanmış, həyatı risk altında olan vətəndaşının yanında olub, onun səsinə səs verərək həyatının xilas olması üçün könüllü qan verib, hər kəsə örnək addım atıb. "Bu bizim həm polis, həm də vətəndaş olaraq borcumuzdur. Çox sevinirik ki, bizlərin sayəsində kiminsə həyatı xilas edilir", - söyləyən Yolçu Qurbanov öz xidmətini ləyaqətlə yerinə yetirib, bir insanın həyatda qalması üçün əlindən gələni əsirgəməyib.
Bu gün qazaxlı ziyalılar, rayon ictimaiyyəti olaraq Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov başda olmaqla, bütün polis əməkdaşları, Yolçu Qurbanov kimi oğullarımızla qürur duyur və nümunəvi xidmətlərinə görə onlara minnətdarıq.
Facebook-da paylaş