Qazaxda yaşadım mən öz ömrümü...
Respublika mətbuatı Qazax haqqında
Tarixən Qazax mahalı milli ədəbiyyatımızda özünəməxsus yeri olan dahi şair və yazıçılar yetişdirmişdir.
Qazaxı hər yerdən üstün tutan, bir an belə doğulub boya-başa çatdığı ana yurdun ayrılığına dözməyən, yaradıcılığının ana xəttini vətənpərvərlik təşkil edən, sağlığında ikən ucalan, oxucuların sevimlisinə çevrilən, Əməkdar incəsənət xadimi Barat Vüsal (Alıyev Barat Alı oğlu) 30 ildən çoxdur ki, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinə rəhbərlik edir. Bu bölmə Qazax, Ağstafa, Tovuz və Gədəbəydə yaşayıb-yaradan qələm sahiblərini özündə birləşdirir. Şair "Xəlil Rza Ulutürk", "Səməd Vurğun", "Nizami Gəncəvi" ədəbi mükafatlarına layiq görülüb.
Barat Vüsal Qazaxda yaşasa da, ondan tanınmış şair kimi söhbət açırlar. Bunu şair şeirlərinin birində belə mənalandırıb:
...Məni Kür eylədi Kür özü kimi,
Vaqifin, Vurğunun varisi kimi
Qazaxda yaşadım mən öz ömrümü!
Barat Vüsal özü də, sözü də görünən şairdir. O, deyir ki, xoşbəxtəm ki, böyük ustadlar, sənətkarlar mənə xeyir-dua verib, uğurlu yol arzulayıblar.
Şair həmişə məmnunluqla Prezident İlham Əliyevlə Qazaxdakı, xüsusən də Şuşada M.P.Vaqifin məqbərəsinin bərpasından sonra açılış mərasimindəki görüşləri yada salır. Ölkə başçısının onu Şuşada görəndə "Salam, qazaxlı şair!" deyib onunla əl tutmasını ömrünün ən unudulmaz anlarından sayır və bunu Prezident İlham Əliyevin yaradıcı insanlara diqqət və qayğısının yüksək təzahürü kimi qiymətləndirir.
Bir vaxtlar Nüsrət Kəsəmənli "Barat, sən İsmayıl Şıxlının kəşfisən!" - deyəndə yanılmayıb. Zaman-zaman bir çox görkəmli şair, yazıçı və tənqidçilər Barat Vüsal haqqında fikirlər söyləyiblər. Həmin fikirlərin bəzilərini oxuculara təqdim edir və düşünürük ki, bu fikir və mülahizələr onun özü və sözü haqqında təsəvvürləri bir az da genişləndirəcək.
AYB-nin sədri Anar Barat Vüsal haqqında deyib: "Mən həmişə əyalət yazarı anlayışının əleyhinə olmuşam. Vaxtilə Naxçıvanda Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Qazaxda Vaqif, Səməd Vurğun, Şamaxıda Mirzə Ələkbər Sabir və başqaları yazıb-yaradıblar. Əsas olan harada yaşayıb yaratmaq yox, necə yazmaq, nəyi yazmaqdır. Bu mənada, Barat həmişə ədəbiyyata və əbədiyyətə işləyən sözü yazıb. Mən onun bir cəhətini ayrıca qeyd etmək istəyirəm. Yəni, bizim Yazıçılar Birliyinin çox razı qaldığı bir cəhətini qeyd etmək istəyirəm. O da onun Yazıçılar Birliyinin Qazax filialına rəhbərlik etməsidir.
Qazax dövlətimizin sərhədində yerləşir. Bir yanda borçalılar, digər tərəfdə vaxtilə Qərbi Azərbaycandakı soydaşlarımız yaşayırdılar. Əminəm ki, vaxt gələndə yenə yaşayacaqlar. Belə bir üçbucaqda Qazax böyük bir mədəniyyət mərkəzidir. Belə bir yerdə filiala rəhbərlik etmək Barat Vüsal üçün həm məsuliyyət, həm də şərəfdir".
Xalq şairi, AYB-nin Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadənin Barat Vüsal haqqında dediyi bir beyti yada salaq:
Biz uzaq düşmüşük toydan, mağardan,
Kür boyu gördüyüm axar-baxardan.
Orda üzümüzü sənsən ağardan,
Barat, sənin evin ocaq olubdu!
Xalq yazıçısı İsa Muğannanın dediklərindən: "Onun əsərlərindən mən bədii sözün qüdrətini və Azərbaycan poeziyasının əsrlərdən gələn ətrini duydum. "Ömrünü Qazaxda yaşayan şair" yazıçıların Qazax filialının sədrliyinə təsadüfən seçilməyib. Mən onun hələ uzun illər öz vəzifəsində qalmasını arzulayıram. Mən Baratı çox istəyirəm, həm insan kimi, həm də şair kimi. Təəssüf ki, onu gec tanımışam. Oxuduğum az sayda şeirlərində böyük şair ruhu gördüm və sevdim".
Xalq şairi Xəlil Rza Ulutürk demişdir: "Əziz Barat Vüsal, günaydın! Göndərdiyin qəzet, məktub və xüsusilə şeirlərin ürəyimi dağa döndərdi. Alqış sənə. Gözəl şair kimi yetişirsən".
Xalq şairi Vaqif Səmədoğlu isə demişdir: "Mənə görə Barat hərbçi şairdir. O, hər misrasında, şeirində əsgər kimidir. Barat öz-özünün həm komandiri, həm də əsgəridir. Əsl şair ədəbiyyata birdəfəlik gəlir. Barat Vüsal da belə şairlərdəndir. O, etibar ediləsi adamdır, kiçik qardaşım, dostumdur. Sevdiyim şairlər sırasında Baratın da adı var".
Akademik Nizami Cəfərovun Barat Vüsal haqqında dediklərindən: "Qazax Molla Pənah Vaqifin, Səməd Vurğunun, Osman Sarıvəllinin, İsmayıl Şıxlının, İsa Hüseynovun, Nəriman Həsənzadənin və bir çox başqa sənətkarların yurdudur. Adətən ata ocağı başında kiçik övlad qalır. Barat da o ocağın kiçik övladı kimidir. O, tarixi qoruyur və şeirlərində də tarixi yaşadır. Baratsız Qazaxın poetik landşaftında bir zirvə çatışmazdı. Vidadisiz, Vaqifsiz, Səməd Vurğunsuz, Hüseyn Arifsiz, Nəriman Həsənzadəsiz və Barat Vüsalsız Qazax Qazax olmazdı".
Xalq şairi Mirvarid Dilbazi: "Hörmətli Vətən oğlu şair Barat Vüsal, şeirlər kitabını açıb "Müəllifdən" adlı parçanı oxumaq kifayətdir ki, sənin Allah tərəfindən istedadla mükafatlandırıldığına inanasan. Sən şair yaranıbsan".
Tanınmış yaradıcı insanların demək olar ki, böyük əksəriyyəti qazaxlı şairin yaradıcılığını yüksək qiymətləndirir.
Barat Vüsala yaradıcılığında yeni uğurlar arzulayırıq.
Vəli VƏLİYEV,
"Respublika" qəzetinin bölgə müxbiri
20 avqust 2024-cü il, səhifə 11
https://respublika-news.az/az/news/qazaxda-yasadim-men-oz-omrumu
Facebook-da paylaş