• Təqvim

  • Unutma

  • Maraq



Qazax rayonunda qışa hazırlıq

Respublika mətbuatı Qazax haqqında


Bu il əvvəlki illərə nisbətən soyuq havalar özünü daha tez göstərir. Qış fəslində yağıntının çox olması qarşıdan gələn ildə su bolluğuna zəmanətdir. Lakin qışın sərt keçməsi qayğıları bir qədər artırır. Bu baxımdan insanların rahat yaşamasının təmin olunması üçün qış fəslinə necə hazırlaşmağımız, ümumiyyətlə, hazır olub-olmamağımız gündəmə gəlir. Qazax Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclasında da məhz bu məsələ müzakirə olunmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyəti idarə, müəssisə rəhbərlərinə məsələ ilə bağlı əvvəlcədən ciddi tövsiyə və tapşırıqlarını vermişdir. Əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə Qazax Elektrik Şəbəkəsi tərəfindən vaxtında bir sıra tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində istehlakçıların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə Şəbəkə tərəfindən 9 yarımstansiya və 120 ədəd müxtəlif güclü 10/0,4 kV-luq komplekt transformator məntəqələrində cari təmir işləri aparılmışdır.

Ümumilikdə, yay və payız dövründə 62,2 km məsafədə hava xətlərinə yaxınlaşan budaqlar kəsilmiş, 34 km uzunluğunda tarımlama işləri aparılmış, 13 ədəd yararsız izolyator dəyişdirilmişdir. 770 metr məsafədə əlavə faza xətti çəkilmiş, 42 ədəd yararsız dayaq və 23 ədəd ağac dayaq yeni metal dayaqla əvəz edilmiş, 22 ədəd dayağın yeri dəyişdirilmiş, 940 metr yararsız naqil yenisi ilə əvəz edilmişdir.

Əhalini mavi yanacaqla təmin etmək üçün Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsi tərəfindən Qazax şəhərində və kəndlərdə ümumilikdə 1293 metr müxtəlif diametrli qaz xətləri korroziyaya uğradığı üçün yenisi ilə əvəz olunmuşdur. 2590 metr mövcud qaz xətləri rənglənmiş, 1630 metr mövcud qaz xətti dayaqlar üzərinə qaldırılmış, 2530 ədəd qaz tənzimləyici qurğuya baxış keçirilmiş, eyni zamanda 1760 ədəd siyirtməyə texniki baxış və profilaktiki xidmət göstərilmişdir.

Qazax Telekommunikasiya Qovşağı tərəfindən 147 ədəd dirək təmir olunmuş, 86 ədəd yararsız dirək dəmir dirəklə əvəzlənmişdir. Rayon mərkəzi və kəndlərdə ümumilikdə 3758 metr müxtəlif tutumlu zədəli kabellər dəyişdirilərək nasazlıqlar aradan qaldırılmışdır. Orta Salahlı kəndində 1900 metr kabel təmir olunaraq texniki normaya gətirilmişdir.

Şəhərin Heydər Əliyev prospekti, S.Vurğun küçəsində və kəndlərdə ümumilikdə 19 ədəd abunə qutusu dəyişdirilmiş, 8 ədəd kanalizasiya quyusu təmir olunmuşdur. 12160 metr hava rabitə xətti texniki normaya gətirilmişdir. Yeni texnologiya olan GPON (evlərə fiber-optik kabellərin çəkilişi) layihəsi çərçivəsində, "Azəronline" LTD şirkəti tərəfindən rayonun 9 yaşayış məntəqəsində tikinti işlərinə başlanılmışdır. Hazırda 6 kənddə işlər yekunlaşmışdır.

Qazax Mənzil İstismar Sahəsi balansında olan 159 binaya xidmət edir və həmin binalarda 1931 mənzil var. Sahə tərəfindən çoxmərtəbəli yaşayış binalarının tüstü bacaları və su novalçası təmizlənmiş, binaların həyətlərində və zirzəmilərində təmizlik işləri aparılmış, binaların istismarı zamanı yaranmış qüsurlar aradan qaldırılmış və cari təmir işləri görülmüşdür. Ehtiyac olan halda dam örtükləri dəyişdirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Qazax Mənzil İstismar Sahəsinin balansında olan, dam örtüyü yenilənəcək birmərtəbəli yaşayış binalarına baxış keçirilmişdir. Şəhərin Heydər Əliyev prospekti 74, 81 və 89 saylı, Vaqif küçəsi 5 saylı, Azadlıq küçəsi 99 saylı, Ş.Xiyabanı küçəsi 29 saylı, ünvanlarda yerləşən birmərtəbəli binalarda görülməsi nəzərdə tutulan işlər yerində müzakirə edilmiş, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, binaların dam örtüyü dəyişdirilmişdir.

Rayonda fəaliyyət göstərən təhsil müəssisələrində də qışa hazırlıq işləri aparılmışdır. Aşağı Salahlı kənd tam orta məktəbi cari təmir olunmuş, Birinci Şıxlı kənd ümumi orta məktəbin binasının dam örtüyü sökülərək yenilənmişdir. Ağköynək və Daş Salahlı kənd 1 saylı tam orta məktəblərin qazanxanaları yenisi ilə əvəz olunmuş, məktəb binalarının daxili istilik sistemi, borular, radiatorlar dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Qazax şəhər 5 saylı tam orta məktəbin qazanxanasında bir qazan yenisi ilə əvəz olunmuş, Ağköynək, Alpout, Hüseynbəyli, Aşağı Salahlı, Kəmərli kənd tam orta məktəblərin sanitar qovşaqları yenidən tikilmişdir. İstilik sistemi ilə qızdırılan digər bağça və məktəb binalarına baxış keçirilmişdir.

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində Qazax rayonu üzrə 92 mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Onlardan Qazax Rayon Heydər Əliyev Mərkəzi, Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Qazax Dövlət Rəsm Qalereyası tam təmirlidir, elektrik enerjisi və kombi sistemi ilə təchiz olunub. Digər mədəniyyət müəssisələri isə elektrik və qaz sistemi ilə təmin olunublar. Elektrik qızdırıcıları, qaz sobaları və dizel yanacağı üçün sobalarla təmin olunublar.

"Qazax Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsdə payız-qış mövsümündə istiliklə təchizatı, elektrik enerjisi ilə təminat və yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, payız-qış mövsümü ilə əlaqədar təsərrüfat sahələrində görüləcək işlər müəyyənləşdirilmiş, aşkar olunan nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaqla cavabdeh şəxslər təyin edilmişdir. Bütün xəstəxanalarda yanğından mühafizə üçün xüsusi şitlər düzəldilmiş, yanğın söndürmək üçün qum yeşikləri qoyulmuşdur. 14 həkim məntəqəsindən Daş Salahlı, Yuxarı Salahlı və Cəfərli həkim məntəqələri kombi sistemi ilə, 11 həkim məntəqəsi isə təbii qazla qızdırılır.

"Qazax RMX" PHŞ-in 25 avtonəqliyyat vasitəsi vardır, avtonəqliyyatların hazırlığı normal vəziyyətdədir. 25 avtonəqliyyat vasitəsindən 7-si təcili yardım maşını kimi fəaliyyət göstərir. 2022-ci ildən təcili yardım maşınları yeni akkumulyator və təkərlərlə təmin olunmuşdur. Avtomaşınların müddəti bitmiş istismara yararsız olan təkərləri və akkumulyator batareyaları dəyişdirilərək yeniləri ilə əvəz olunmuşdur. Əyləc sistemləri yoxlanılaraq saz vəziyyətə gətirilmişdir.

Vəli VƏLİYEV,

"Respublika" qəzetinin bölgə müxbiri

11 dekabr 2022-ci il, səhifə 10




Facebook-da paylaş