• Təqvim

  • Maraq



Qazaxda qaydaları pozanlar cərimələnib

Respublika mətbuatı Qazax haqqında


Koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Qazax rayonunda ciddi nəzarət tədbirləri həyata keçirilir. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə yaradılmış və hər biri 5 nəfərdən ibarət olan 30 mobil qrup da fəaliyyət göstərir. Tərkibində bir nəfər Daxili İşlər Nazirliyinin əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı Aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrup üzvləri rayon ərazisində fəaliyyət göstərən ticarət, ictimai iaşə və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirirlər.

Rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və tədbir görmək üçün reydlər keçirilir və kafe - restoranlarda vətəndaşların kütləvi şəkildə toplaşaraq gizlin şəkildə toy, nişan, ad günü mərasimləri keçirmələrinin, eləcə də rayon ərazisində yas mərasimlərinin təşkil olunmasının qarşısı birmənalı şəkildə alınır.


Bu günlərdə keçirilən növbəti reyd zamanı koronavirusdan vəfat etmiş, rayonun Aşağı Əskipara kənd sakini Məhəmməd Məmmədovun yaxın qohumları tərəfindən Qazax şəhəri, Əliağa Şıxlinski küçəsində 24 mənzilli binada mərhumun üç mərasiminin keçirilməsi aşkar edilmişdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının və rayon polis şöbəsi əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı məlum olub ki, mərhuma ehsan verilməsi üçün binanın qarşısında hər biri 10 nəfərlik 6 masa təşkil olunmuş və mərasimdə 40 nəfər şəxs iştirak etmişdir.

Qeyd edək ki, yas mərasimini təşkil edən mərhumun oğlu Ədalət Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının Aşağı Əskipara kənd İƏD-si üzrə nümayəndəsi İlqar İsayev isə yas mərasimində iştirak edənlərin sayı barədə məlumatları aidiyyəti üzrə düzgün təqdim etmədiyinə görə tutduğu vəzifədən azad edilib. Mərasimdə iştirak edən digər vətəndaşlara isə karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunmuşdur.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzetinin bölgə müxbiri

12 iyul 2020-ci il




Facebook-da paylaş