• Təqvim

  • Maraq



Qazaxda quruculuq və inkişaf

RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA

Qazaxda quruculuq və inkişaf
Qazax İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qarşıya qoyulmuş vəzifələr müzakirə edilmiş və ötən ilin sosial-iqtisadi inkişafına yekun vurulmuşdur.
Tədbirin əvvəlində rayon rəhbərliyi və rəsmi qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad etmişlər və abidəsi önünə tər gül-çiçək dəstələri qoymuşlar. Sonra rayon Gənclər Mərkəzində keçirilən tədbir öz işinə başlamışdır. Tədbir iştirakçıları Gənclər Mərkəzində təşkil olunmuş sərgi ilə tanış olmuşlar.
Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov açaraq qeyd etdi ki, Ölkə başçısı 2016-cı ildə baş vermiş çətinliklərə baxmayaraq, Azərbaycanın öz inamlı inkişafını və eyni zamanda təhlükəsizlik tədbirlərini təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayona səkkizinci dəfə rəsmi səfər etmişdir. Bu səfər zamanı Heydər Əliyev Fondunun dəstəyi ilə Qazax şəhərində inşa olunan, müasir tələblərə cavab verən, 940,8 m2 sahəsi olan 3 mərtəbəli Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, yeni tikilmiş uzunluğu 10 km olan Qazax-Kosalar avtomobil yolunun, 110/35/6 kv-luq Daş Salahlı yarımstansiyasının və "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı" binasının açılışında iştirak etmişdir.
"Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı" MMC-nin yaradılmasında əsas məqsəd kənd təsərrüfatına yararlı əkin sahələrindən səmərəli istifadə, əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılmasıdır. layihə smeta dəyəri 3 mln 241 min manat olan MMC-nin tikintisinə may ayında başlanılmış və tikinti işləri oktyabr ayında başa çatdırılmışdır. "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı" MMC sahəsi 560 kv.m olan inzibati bina və eyni zamanda tərəvəzlərin (kartof, soğan, kök) təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və paketlənməsi üçün sahəsi 600 kv.m olan sex və bir ədəd tutumu 2 min ton, sahəsi 600 kv.m olan anbardan ibarətdir. Təsərrüfatla bağlı maşın mexanizmlər alınmış və 250 kv.m sahədə Texnika parkı yaradılmışdır. Hazırda təsərrüfatın ümumi əkin sahəsi 755.68 hektardır. Ondan 211.50 hektarı kartof, 411.18 hektarı taxıl, 103 hektarı şəkər çuğunduru, 30 hektar tütün sahəsidir.
Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni qəsəbənin tikintisi başa çatdırılmış və məcburi köçkün ailələri həmin binalara köçürülmüşlər.
Qazax şəhər 2,3,4 və 6 saylı körpələr evi-uşaq bağçalarında müasir isitmə sistemləri qurulub istifadəyə verilmişdir.
Hər birinin illik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində və "Carçıoğlu" şirkəti tərəfindən Xanlıqlar kəndində 2 yeni əhəng zavodlarının tikintisi davam edir. Həmin zavodlarda 450-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
Qazax şəhərinin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında yenidənqurma işləri başa çatmış, parkın 4.443 m2 sahəsinə tamet döşənmiş, 1.656 p/m uzunluğunda bardür düzülmüş, yeni işıqlanma sistemi qurulmuş, yeni oturacaqlar qoyulmuş, qazon otu, dekorativ ağac və gül kolları əkilmiş, fontan kompleksi tamamilə yenidən qurulmuşdur.
Quşçu Ayrım kənd əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələrinin hörülməsi üçün kənd sakinlərinə tikinti materialları verilmişdir. Bala Cəfərli və Xanlıqlar kəndlərinin hər birində bir imkansız ailə üçün yaşayış evinin tikintisi başa çatdırılmışdır.
2016-cı ildə rayon üzrə 14.895 hektar əkin sahəsi olmuşdur ki, ondan 7926,5 hektar dənli və dənli paxlalılar, o cümlədən 5.559 hektar buğda, 2261 hektar arpa, 86,5 hektar vələmir, 20 hektar digər paxlalı bitkilərdir. Qarğıdalı 324 hektar, günəbaxan 46,5 hektar, kartof 433 hektar, tərəvəz 435 hektar, bostan 34,5 hektar, tütün 10 hektar, süpürgə 20,5 hektar, yonca 5.665 hektar olmuşdur. Bundan başqa 1.303 hektar meyvə bağı, 325 hektar üzüm bağı vardır. 2016-cı ildə rayonumuzda 10 hektar sahədə tütün əkilərək 15.635 kq quru tütün məhsulu və 1.502 kq barama istehsal olunmuşdur. 39 hektar sahədə yeni fındıq bağı salınmış, 4,5 hektar sahədə baramaçılığın inkişafı üçün 22.000 ədəd yeni tut (çətil) tingləri basdırılmışdır ki, bunun da 20.000 ədədi Çin Xalq Respublikasından gətirilmiş tinglərdir. 4.500 kq barama istehsalı üçün hazırlıq işləri aparılır. 2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün 10.810 hektar sahədə, yəni ötən mövsümə nisbətən 3.049 hektar çox payızlıq taxıl əkilmişdir. Bundan 8.173 hektarı buğda, 2637 hektarı isə arpadır. 2016-cı ildə 2017-ci ilin yazlıq əkinləri üçün 1.346 hektar sahədə şum aparılmışdır.
2017-ci ildə 500 hektardan çox sahədə şəkər çuğunduru, 800 hektar kartof əkini, 50 hektardan çox sahələrdə tütün əkini nəzərdə tutulmuşdur.
Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınması üçün əsas amillərdən biri bitkilərin vaxtında və kifayət qədər suvarma suyu ilə təmin olunmasıdır. Suvarma Sistemləri İdarəsi tərəfindən 2016-cı vegetasiya ilində dəhnələrdən təsərrüfatlara 103,5 mln m3, ayrıclardan isə 74,4 milyon m3 su verilməsi planlaşdırılmış və həmin su ilə artan yekunla 40.018 hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulmuşdur.
Heyvandarlığın inkişaf etdirilməsi istiqamətində bir sıra işlər həyata keçirilmişdir. İl ərzində lizinq yolu ilə 10 baş Holştein-friş, simmental cinsindən olan inək gətirilmişdir. Hazırda rayonda 196 baş cins mal-qara vardır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün il ərzində 404 baş iribuynuzlu heyvanlarda süni mayalanma aparılmış, 262 bala alınmışdır. 2016-cı il oktyabr ayının 1-dən etibarən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə dövlət tərəfindən 100 manat subsidiya verilməsi təmin edilmişdir ki, oktyabr, noyabr aylarında Qazax rayonunda süni mayalanma nəticəsində 17 baş buzova görə 16 nəfər vətəndaşa 1700 manat subsidiya ödənilmişdir. Dekabr ayında doğulmuş 19 baş buzova görə subsidiyanın verilməsi üçün müvafiq sənədlər respublika komissiyasına təqdim olunmuşdur. Heyvandarlıq sahəsində məhsul istehsalı artmaqdadır. Belə ki, 2016-cı ildə ötən ilə nisbətən 1169 ton artıq süd istehsal olunaraq 31172 tona, 83 ton (diri çəkidə) artıq ət istehsal olunaraq 5.584 tona və 152.000 ədəd çox yumurta alınaraq 11.653.000 min ədədə, iribuynuzlu mal-qaranın baş sayı 941 baş artaraq 31.130 başa çatdırılmışdır.
Hesabat ili ərzində əhaliyə göstərilən ticarət, nəqliyyat, rabitə və məişət xidməti sahələrində də bir sıra işlər görülmüşdür.
Dövlət Proqramında Qazax rayonunun elektrik daşıyıcılarının SİP kabellə əvəz olunması işlərinə başlanılmışdır. 35/10 kv-luq Qazax-1 yarımstansiyasında 4 mvA transformator 6,3 mvA ilə, Kompressor yarımstansiyasında isə 1,0 mvA transformator 2,5 mvA transformatorlarla əvəz edilmişdir. 35/10 Qazax-1 yarımstansiyası tamamilə yenidən qurulmuşdur.
Rayon üzrə qazlaşma 100 faiz başa çatdırılmışdır. Ümumilikdə 2016-cı ildə 664 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur. Qazax rayonu ərazisində əhalinin qaz təminatının yaxşılaşdırılması üçün 12 ədəd müasir şkaf tipli tənzimləyici quraşdırılmışdır.
Qazax "Su-kanal” İdarəsi tərəfindən 2016-cı il ərzində 57 abonentə yeni su xətti çəkilmiş, 5993 əhali abonetlərinə (18340 nəfər) xidmət göstərilmişdir.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 7 ibtidai məktəb, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
Rayon üzrə qəbulun nəticəsi 63 faiz olmuşdur. Ali hərbi və xüsusi təyinatlı təhsil müəssisələrinə 9 nəfər daxil olmuşdur. Ölkə Prezidenti İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə 01.07.2016-cı il tarixdən etibarən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı elan edilmişdir. 2016/2017-ci tədris ilində 6 ixtisas üzrə tələbə qəbulu aparılmışdır. Filialda respublikanın 40-dan çox rayonundan 388 nəfər tələbə təhsil alır. 2017/2018-ci tədris ili üçün filiala 13 ixtisas üzrə 500-ə yaxın tələbə qəbulu planlaşdırılmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva ölkəmizdə geniş vüsət alan abadlıq, quruculuq işləri barədə fikirlərini bildirərək əhalinin rifah halının yaxşılaşdırılması və sosial problemlərin həlli istiqamətində görülən işlərdən bəhs etmişlər.
Hesabat yığıncağında Qazax rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, rayon mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov, Elektrik Şəbəkəsinin rəisi Elşad Məmmədov çıxış etmişlər.
Tədbirin sonunda yığıncaq iştirakçıları adından Ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Vəli VƏLİYEV,
"Respublika” qəzeti,
14 fevral 2017-ci il.


Facebook-da paylaş