• Təqvim

  • Maraq



Əlillərə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindəndir

RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA

Əlillərə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Qazax rayonunda Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilmişdir.
Rayon icra hakmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə Böyük Vətən müharibəsi əlilləri, Qarabağ müharibəsi qaziləri, rayonda fəaliyyət göstərən əlil cəmiyyətlərinin üzvləri dəvət olunmuşdur.
Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov açaraq əlilləri salamlamış, onlara uzun ömür və cansağlığı arzulamışdır.
Rayon rəhbəri bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən Beynəlxalq Əlillər Günü ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur.
Azərbaycan BMT Baş Məclisi tərəfindən qəbul edilmiş "Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.
Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb.
Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb.
Ümummilli lider Heydər Əliyevin "Biz əlillər üçün, onların yaşaması üçün, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq” fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunub.
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti, digər sahələrdə olduğu kimi, bu tədbirlərin də getdikcə daha geniş vüsətlə davam etdirilməsinə imkan yaradıb.
Əlillərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi ölkə Prezidentinin daim diqqət mərkəzindədir.
Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb.
Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Bu sahədə qanunvericilik təkmilləşdirilib. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması- nı həyata keçirir.
Paytaxtda və bölgələrdə yeni reabilitasiya mərkəzləri istifadəyə verilib. Əlillərin ölkədə, eləcə də xaricdə müalicəsi də xüsusi diqqətdə saxlanılır.
Dövlət başçısının tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində də böyük işlər görülüb və görülməkdədir.
Bu insanlar üçün hər il orta hesabla 700-dən çox mənzil tikilir. Əlillərin minik avtomobili ilə təminatı proqramı da həyata keçirilir. Minik avtomobili ilə təmin olunan əlillərin sayı da ildən-ilə artır.
Əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılır. Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının məlumatına əsasən, Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur.
Rayonda 440 nəfər tənha yaşayan əlil və ahıl vətəndaşlara evlərdə xidmət göstərilir. Əlillik statusu olan vətəndaşlardan 43 nəfəri sanatoriyaya, 8 nəfəri "Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzi”nə, 2 nəfəri "Sağlamlıq imkanı məhdud şəxslərin evi”nə, 1 nəfəri isə qocalar evinə göndərilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlilləri və şəhid ailələri üçün rayonumuzda 2016-cı il ərzində 8 mənzil tikilib istifadəyə verilmiş, bu il daha 8 mənzilin tikilməsinə başlanılmışdır.
Məlumat üçün bildiririk ki, nazirlik tərəfindən əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi üçün yeni pilot layihələri üzərində işlənilir.
Rayon rəhbərliyi tərəfindən Dəmirçilər, Ürkməzli və Quşçu Ayrım kəndlərində Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılıması istiqamətində əsaslı işlər görülmüşdür. 2014-2016-cı illərdə I, II və III qrup Qarabağ əlillərindən 12 nəfərinə avtomobil verilmişdir.
Növbədə olan 26 nəfərə isə qarşıdakı illər ərzində avtomobilin verilməsi nəzərdə tutulub.
Rəcəb Babaşov demişdir ki, əlillər ölkə və rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzindədir və onlara qayğı daim olacaqdır.
Rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Böyük Vətən müharibəsi əlili Xanqulu Süleymanov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Xasay Balayev, Silahlı Qüvvələrin "Ehtiyatda olan zabitlər” Konfederasiyası rayon şöbəsinin sədri, I qrup Qarabağ müharibəsi əlili Baxış Hüseynov, ehtiyatda olan baş leytenant, Qarabağ qazisi Kamil Müsəvi, Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal və başqaları çıxış edərək ölkə Prezidenti İlham Əliyevin əlillərə göstərdiyi diqqət və qayğıdan danışmış, bu istiqamətdə Qazax rayonunda görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə məlumat vermişlər.
Bayram tədbiri əyləncəli musiqi proqramları ilə nahar süfrəsi ətrafında davam etdirilmişdir. Əlil qadınlara bayramla əlaqədar gül dəstələri təqdim olunmuşdur.
Hamlet QASIMOV,
"Xalq qəzeti”
4 dekabr 2016-cı il


Facebook-da paylaş