• Təqvim

  • Maraq



Gəlirli olduğu üçün barama və tütünçülüyə maraq artıb

RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA


Gəlirli olduğu üçün barama və tütünçülüyə maraq artıb
Artıq üçüncü ildir ki, Qazaxda barama yetişdirilir və bu sahədə yüksək məhsuldarlıq əldə edilir. Qısa vaxt ərzində çəkdikləri zəhmətin bəhrəsini görən rayon sakinləri baramaçılığın sirlərini daha dərindən öyrənir, daha çox qazanc əldə etməyə çalışırlar.

Baramaçılığın inkişafı istiqamətində dövlət dəstəyini hər an hiss edən kümçülər keyfiyyətli və bol barama istehsalı üçün yorulmadan çalışır, həm bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nail olur, həm də ailələrinin dolanışığının bir qismini təmin edirlər.

Artıq dövlətin dəstəyi ilə xaricdən gətirilmiş baramaqurdlarının kümçülərə paylanması başa çatmışdır. Birinci və İkinci Şıxlı, Yuxarı Salahlı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı, Orta Salahlı, Qazaxbəyli, Daş Salahlı, Kosalar, Hüseynbəyli, Canalı, Çaylı, Ürkməzli, Alpout, Xanlıqlar, Ağköynək, Cəfərli və s. kəndlərdə, eləcə də Qazax şəhərində 100-dən artıq sakin bu işə qol qoymuşdur. Kümçülərə 130 qutu baramaqurdu paylanmışdır.
Gəlirli olduğu üçün barama və tütünçülüyə maraq artıb
Rayon kənd təsərrüfatı idarəsinin rəisi Həmid Pənahov dedi ki, bu il rayonda ötən illə müqayisədə xeyli çox ipəkqurdu bəslənilir. Kümçülər sağlam inkişafı üçün baramaqurdlarını nəzarətsiz buraxmır, onlara lazımi qulluq göstərirlər. İpəkqurdu bəslənən yerlər tez-tez təmizlənir, tut yarpaqları ilə təmin edilirlər.

Bu il Qazax kümçüləri 5 ton barama təhvil verməyi qarşılarına məqsəd qoymuşlar. Bu istəyə nail olmaları üçün onlara hər cür şərait yaradılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da ipəkqurdu bəslənən kəndlərdə olur, kümçülərlə söhbət edərək onların arzu və istəklərini dinləyir, qaldırılan məsələlərin həlli üçün operativ tədbirlər görür.

İqtisadi cəhətdən daha gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişafına da Qazaxda önəm verilir. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri keçən il bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artırmışlar. Həmin sahələr ilin əvvəlindən şumlanmış, Cəfərli kəndindəki istixanalarda kifayət qədər tütün şitili yetişdirmişlər. Ümumiyyətlə, qazaxlı tütünçülər bu il keçən ilkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edirlər.

Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti
17 May 2018-ci il



Facebook-da paylaş