• Təqvim

  • Maraq



Təqvimdə qış, sahələrdə yaz tarla işləri

Respublika mətbuatı Qazax haqqında

Qazax

Rayon icra hakimiyyətində yaz tarla işlərinə hazırlıqla bağlı müşavirə keçirilmişdir. Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qarşıdan gələn yaz tarla işlərinə hazırlığın vəziyyəti barədə məlumat vermişdir.

Bildirmişdir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir: "Prezident İlham Əliyev bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının rəhbərliyi ilə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər iqtisadiyyatda böyük pay sahibi olan aqrar sektorun inkişafına müsbət təsir göstərir". Müşavirədə qeyd edilmişdir ki, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan, son illər Qazaxda digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılır.

Sonra yaz tarla işlərinə hazırlığın vəziyyəti geniş təhlil edilmişdir. Əkin sahələrinin vaxtında suvarılması üçün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi qeyd edilmiş, xüsusən sudan qənaətlə istifadə edilməsi üçün kəndlərdə tərtib olunmuş növbəlilik cədvəlinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, məhsuldarlığın artırılmasında başlıca rol oynayan suvarma suyu ilə təminata diqqətlə yanaşılmalıdır. Bunun üçün suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində görülən işlər diqqət mərkəzində saxlanılmalıdır. 

Sonra Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov çıxış edərək 2026-cı ilin məhsulu üçün rayonda 6880 hektarı arpa, 4740 hektarı buğda olmaqla 12023 hektarda taxıl səpilməsinin nəzərdə tutulduğunu demişdir. Məlumat vermişdir ki, bu günə kimi 6850 hektarda arpa, 4752,8 hektarda buğda səpini başa çatdırılmışdır.

Qarşılıqlı müzakirə və geniş fikir mübadiləsi şəraitində keçən müşavirədə əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün görüləcək işlərin vacibliyi vurğulanmış, əvvəlki illərdə olduğu kimi, bu il də yaz tarla işlərinin mütəşəkkil keçirilməsi üçün tapşırıqlar verilmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri

9 yanvar 2026-cı il, səhifə 10

https://www.azerbaijan-news.az/az/posts/detail/teqvimde-qis-sahelerde-yaz-tarla-islerinbsp-1767906479/379587

1. Yaz tarla işi - 09.01.2026.pdf [7.66 Mb] (yüklənib: 0)



Facebook-da paylaş


{sape_links}