• Təqvim

  • Maraq



18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Şanlı qələbəmiz tarixi abidələrimizi bizə qaytardı” başlıqlı tədbir keçirilib


Aprelin 15-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin birgə təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar "Şanlı qələbəmiz tarixi abidələrimizi bizə qaytardı” başlıqlı tədbir keçirilib.

Tədbirdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə abidə mühafizəçiləri, baş mütəxəssislər, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin şagirdləri, Mərkəzin əməkdaşları iştirak ediblər.

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün tarixini, Azərbaycanın minilliklər boyunca tarixini özündə yaşadan abidələrini, xalqımızın mədəniyyətinin göstəricisi olan tarixi yerləri haqqında videoçarxın nümayişi ilə tədbir başlayıb.

 

 

Filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova bildirib ki, ölkəmizin tarixinin öyrənilməsi, tədqiq edilməsi, mədəni irsimizin qorunub saxlanması istiqamətində mühüm işlərin görülməsi  Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün isə bu siyasət Ulu Öndər siyasi məktəbinin yetirməsi və dahi şəxsiyyətin siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, tədqiqi sahəsində çox böyük işlər görülür. Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində tarixi abidələrimizin, mədəniyyət nümunələrimizin beynəlxalq aləmdə təbliği sahəsində çoxşaxəli fəaliyyət həyata keçirilir, məhz Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli-mədəni irsimizin qorunub-saxlanması, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində həyata keçirilən tədbirlər ölkəmizdə və beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanır.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə baş mütəxəssisi Səadət Alıyeva çıxış edərək bildirib ki, UNESCO-nun qərarı ilə 1983-cü ildən etibarən hər il aprelin 18-i "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd edilir. Bu günün keçirilməsinin böyük əhəmiyyəti vardır. Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biri olduğu üçün tarixi abidələr və mədəni nümunələrlə zəngin diyardır. Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurd, Möminə xatun, Xudabəndə məqbərələri, Şəki Xan Sarayı və s. memarlıq abidələrimiz dünya əhəmiyyətli, UNESCO maddi-mədəni irs siyahısına daxil edilmiş Azıx və Tağlar mağaraları ən qədim yaşayış məskənləri kimi ölkəmizin tarixinin qədimliyindən danışır.   


Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəbin müəllimi Aynur Mahmudova çıxış edərək bu cür tədbirlərin keçirilməsinin məktəblilərdə öz tarixi keçmişinə, qədim və müasir tarixi yerlər və abidələrə hörmət hissinin gücləndirilməsində və təbliğ edilməsində böyük rolu olduğunu bildirib.

Sonda məktəblilərin çıxışları və abidə mühafizəçisi Zivər Süleymanovanın Qazaxın tarixi abidələrini əks etdirən sərgi haqqında məlumatı ilə tədbir sona çatdırılıb.




 

GOYEZEN.AZ



Facebook-da paylaş