• Təqvim

  • Maraq



Azərbaycanın yüksəliş salnaməsinin əvəzolunmaz lideri


2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. 8 namizədin iştirak etdiyi seçki marafonunda Yeni Azərbaycan Partiyasından namizədi partiyanın sədri cənab İlham Əliyev idi. Sayca 8-ci rəsmi seçkidə səsvermə hüququna malik olan vətəndaşların 74,3 faizi iştirak edirdi. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin - 86,02 faizinin səsini qazandı və Azərbaycan Respublikasının Prezidenti seçildi. Və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müasir, müstəqil Azərbaycan daha böyük uğurlar və nailiyyətlərlə zəngin yeni dövrə qədəm qoydu. Cənab İlham Əliyev siyasi varislik missiyasının öhdəsindən çox müvəffəqiyyətlə gələrək Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu konsepsiyasından bəhrələnərək ölkədə xalq- iqtidar birliyi, möhkəm ictimai-siyasi sabitlik yaratdı, 30 illik işğala son qoydu. Artıq 19 ildir İlham Əliyev Azərbaycana rəhbərlik edir. Azərbaycan xalqı doğru və müdrik seçimində yanılmadığının hər keçən gün şahidi olur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələri əhatə edən genişmiqyaslı, davamlı islahatlar, çoxşaxəli və dinamik inkişaf, sosial layihələr nəticə etibarı ilə dövlətin daxili siyasətinin uğurlarının, düşmən üzərində qələbə, Azərbaycanın regional və beynəlxalq təşəbbüslərə müəllifliyi isə xarici siyasətdəki uğurların göstəricisidir.

Cənab İlham Əliyev bu gün təməli Ulu Öndər tərəfindən qoyulan müasir və müstəqil Azərbaycanın siyasi simasıdır. Bütün bu illər ərzində Azərbaycan özünün ən şərəfli günlərini yaşamışdır. "Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm!” - ideyasını rəhbər tutaraq – "Bizim sözümüz imzamız qədər keçərlidir” prinsipi ilə, verdiyi bütün vədlərə əməl etməsi, milli mənafelərə cavab verən siyasət yeritməsi, siyasətinin mərkəzində xalqın maraqlarını üstün tutması xalqın seçimini dəyişməz, Özünün isə alternativsiz olduğunu sübut etdi. Bu illər ərzində qurucu və birləşdirici lider əzmi ilə xalqına bağlı lider olduğunu sübut etdi. Məhz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlətçilik ənənələri yenidən dirçəldi, dünyada adını qalibiyyətlər və zəfərlər yazan dövlət kimi tanıtdı. Xalqın milli mənliyini, mənəvi ruhunu özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçdi, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmləndi, dövlətimiz gücləndi, onun qüdrəti və iqtisadiyyatı daha da artdı, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə gücləndi. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri oldu. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermiş, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş "exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirmişdir. Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürü idi. 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir.

 

 

Məhz dövlət başçısı İlham Əliyevin apardığı siyasət sayəsində Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf etmişdir. "Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikrini səsləndirən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. 2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir. 2003-2018-ci illər milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür. Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Qeyd olunan illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunub.

Bütün bu sadalanan reallıq və faktlar onu deməyə əsas verir ki, Azərbaycan haqq yolundadır. Müstəqil siyasət aparır. Heç kimin qarşısında baş əymir. Siyasətin mərkəzində Azərbaycan xalqının maraqları dayanır. Ölkədə möhkəm təməl üzərində dayanan xalq-iqtidar birliyi var.

Yaşasın Azərbaycan!

Var olsun Azərbaycanın əbədi qalib lideri İlham Əliyev!

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş