• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Aprel döyüşlərinin 6-cı ildönümü ilə əlaqədar döyüşlərdə Şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının məzarlarını ziyarət ediblər


Aprelin 2-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Aprel döyüşlərinin 6-cı ildönümü ilə əlaqədar döyüşlərdə Şəhidlik zirvəsinə ucalmış Qazax rayonunun Fərəhli kəndindən şəhid kapitan Orucov Mühüd Qurban oğlunun, Yuxarı Salahlı kəndindən şəhid baş leytenanat Namazov Elvin Məmməd oğlunun və Aslanbəyli kəndindən şəhid əsgər Əliyev Orxan Məhəmməd oğlunun məzarlarını ziyarət edib, qəhrəman oğullarımızın məzarlarına tər qərənfillər düzüblər. İgid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.

Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunmuş, Fərəhli kənd sakini, şəhid kapitan Orucov Mühüd Qurban oğlunun məzarı


Kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə  yüksəlmişdir. Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb. 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunmuşdur.  Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir.

Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuş, Yuxarı Salahlı kənd sakini, şəhid baş leytenant Namazov Elvin Məmməd oğlunun məzarı


Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir. Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə Azərbaycan-Ermənistan təmas xəttində erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur.Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. 2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir.

Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuş, Aslanbəyli kənd sakini, şəhid əsgər Əliyev Orxan Məhəmməd oğlunun məzarı



Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakıda Texniki Kollecinə "Avtomobil nəqliyyatı” şöbəsinin "Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə  getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. Qazax şəhərinin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.

GOYEZEN.AZ



Facebook-da paylaş