• Təqvim

  • Maraq



Qazax gəncləri Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş igid Vətən oğullarının məzarlarını ziyarət ediblər


Bu gün Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən altı il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.

Aprel döyüşlərində qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Həmin döyüşlər zamanı Qazaxın üç mərd, igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldi. Bu gün igid oğullarımızın yoxluğundan bizləri 6 il ayırır. İllər ötsə belə onlar bizim qəlbimizdə ən ülvi hisslərlə yad edilirlər.


"ZəfərimİZ" tədbirlər silsiləsi çərçivəsində Qazax gəncləri Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin məzarlarını ziyarət ediblər.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşan səfər zamanı igid Vətən oğullarının əziz xatirəsi dərin ehtiramla yad olunub.

Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunmuş, Fərəhli kənd sakini, şəhid kapitan Orucov Mühüd Qurban oğlunun məzarı




Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuş, Yuxarı Salahlı kənd sakini, şəhid baş leytenant Namazov Elvin Məmməd oğlunun məzarı





Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuş, Aslanbəyli kənd sakini, şəhid əsgər Əliyev Orxan Məhəmməd oğlunun məzarı



GOYEZEN.AZ



Facebook-da paylaş