Qazaxda mədəniyyət işçilərinin iştirakı ilə videokonfrans keçirilib
Bu gün Qazax Rayon
İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti videokonfrans keçirilib. Mədəniyyət
işçilərinin iştirakı ilə keçirilən videokonfransda iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdən, həmin döyüşlər
zamanı Azərbaycan Ordusunun düşmənə verdiyi layiqli cavabdan, həmçinin Tovuz rayonunda kəndlərdə yaşayan mülki əhaliyə,
dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ciddi ziyandan və
aradan qaldırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən söhbət
açılıb. Qazax
RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini
müvəqqəti icra edən Gülnar Quluyeva giriş sözü ilə çıxış edərək təşkil olunmuş
videokonfransın məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, son günlər Azərbaycanın
dünya dövlətləri arasında siyasi nüfuzunun artması, dövlətimizin qazandığı uğur
və nailiyyətlər hər zaman olduğu kimi, bu dəfə də mənfur düşmənlərimizin iç
üzünü açıb göstərdi. Həmişə olduğu kimi, bu dəfə də Ermənistan Azərbaycanın
güclü dövlət olmasını həzm edə bilmədi. Cənab Prezident İlham Əliyevin
Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama
Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə
Görüşünün təşkil edilməsi, həmin tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə
yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə
Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq
təşkilatların yüksək vəzifəli nümayəndələrinin də iştirak etməsi ölkəmiz
üçün böyük uğur idi. Xüsusilə də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının
onlayn Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə
məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində
videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi
ölkəmiz adına atılan uğurlu addımlardan biri idi. Ən əsası isə həmin təşəbbüsün həm QH ölkələri, həm də digər BMT-yə üzv
olan 130-dan çox dövlət tərəfindən dəstəklənməsi ölkəmizin növbəti uğuru oldu.
Hər zaman olduğu kimi, bu dəfə də mənfur düşmənlərimiz bu uğuru sinirə bilmədi
və öz məkrli niyyətlərini Tovuz hadisələrində aydın şəkildə nümayiş etdirdi.
Düşmən pis əməlləri ilə bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycana qarşı
həmişə məkrli niyyətləri olub və bunu ilk fürsətdə nümayiş etdirirlər. G.Quluyeva düşmən təxribatı nəticəsində Azərbaycan
Ordusunun düşmənə layiqli cavab verməsindən, həmin döyüş zamanı generalımız,
polkovnikimiz də daxil olmaqla 12 nəfər hərbçimizin şəhid olduğunu, hərbçilərimizin
yaralandığını qeyd edib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda həmyerlimiz
Yuxarı Salahlı kənd sakini mayor Əhmədov Namiq Hajan oğlunun da qəhrəmancasına
şəhid olduğunu bildirərək bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyib,
şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını qeyd edib. G.Quluyeva
Tovuz döyüşlərinin təkcə ağır itkilərlə yadda qalmadığını, eyni zamanda, dövlət-xalq,
xalq-ordu arasında olan birliyi, həmrəyliyi özündə əks etdirən hadisələrlə də
tarixə yazıldığını bildirib. Ordumuzun düşmənə zərbə vurduğu gün minlərlə insanın
Şəhidlər xiyabanına toplaşması, ordumuza dəstək olması, əsl birlik nümayiş
etdirməsi bir daha onu göstərdi ki, xalq öz dövlətinə və ölkə rəhbərinə
arxalanır. İstənilən çətin anda bir yumruq kimi birləşməyi bacarıb və bundan
sonra da bacaracaq. G.Quluyeva bildirib ki, iyulun 13-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının
iclasının keçirilməsi bir daha onu sübut etdi ki, ölkə başçısı hər zaman vətəndaşların
təhlükəsizliyini düşünür. Ölkədə baş verən hər hansı bir hadisə şəxsən dövlət
başçısının nəzarəti altına alınır və aradan qaldırılması üçün lazımi tədbirlər
görülür. G.Quluyeva iyulun 12-dən etibarən Ermənistan
Respublikası Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən
və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iriçaplı
silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutduğunu bir daha
diqqətə çatdırıb. Kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən
infrastruktur obyektlərinə ciddi ziyan dəydiyini vurğulayıb. Qeyd edib ki, hər
zaman olduğu kimi, bu dəfə də Azərbaycan dövləti və ölkə Prezidenti cənab İlham
Əliyev öz vətəndaşını çətin anda tək qoymadı, dövlət qayğısını əsirgəmədi, vətəndaşlarının
yanında oldu. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə ölkə Prezidenti tərəfindən
"Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin
intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət
əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan
qaldırılması ilə bağlı tədbirlər haqqında” 20 iyul 2020-ci il tarixli sərəncamın
imzalanması da bunun bariz nümunəsidir.
G.Quluyeva mülki əhaliyə, dövlət əmlakına, o cümlədən
infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsinin
aparılması üçün Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyinə tapşırıqlar verildiyini qeyd edib. Artıq Azərbaycan
Respublikası Prezidentinin sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə
başlanıldığını və təcili tədbirlər görüldüyünü vurğulayıb. Bu məqsədlə İşçi Qrupu yaradıldığını, mütəxəssislərin
cəlb edildiyini, ekspertlərin dərhal Tovuz rayonuna ezam olunduğunu diqqətə
çatdırıb. Bildirib ki, ilkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35
evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. İntensiv atəş nəticəsində
dövlət əmlakına da zərər dəyib – bu əsasən, kəndlərə çəkilən qaz boruları,
elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.
G.Quluyeva çıxışı zamanı qeyd edib ki, 2016-cı ilin
Aprel döyüşləri zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə
bağlı həmin vaxt aparılan işlərə diqqət yetirsək görərik ki, dövlət hər zaman vətəndaşının
yanındadır. Ölkə Prezidenti İlham Əliyevin yeni həyat bəxş etdiyi və
"Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndində görülən işlər bir daha onu sübut edir ki, işğaldan azad olunacaq bütün
rayonlarımızda, o cümlədən də Qazaxın işğalda olan 7 kəndində yeni qəsəbələr
salınacaq, evlər tikiləcək, həyat yenidən bərpa olunacaq. G.Quluyeva bildirib ki, Prezident İlham Əliyevin
"Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması
nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər
haqqında” 2016-ci il may ayının 2-də imzaladığı sərəncama əsasən, mülki əhaliyə
dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il
dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər
Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon
manat vəsait ayrılması bir daha onu göstərdi ki, işğaldan azad olunan
torpaqlarda yaşayışı bərpa etmək dövlətin və ölkə rəhbərinin, eləcə də
xalqımızın ən böyük arzusudur. Bu arzu, istək sayəsində Tərtər rayonunda ciddi
dağıntıya məruz qalmış 4 ev yenidən tikildi, 8 ev bərpa olundu. Həmçinin 19 evdə
əsaslı, 231 evdə isə cari təmir işləri aparıldı. Bundan başqa, Tərtər şəhər 6
saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı
təmir işləri görüldü. Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev
yenidən tikildi, 15 ev tamamilə bərpa olundu, 27 ev əsaslı təmir edildi, 693
evdə cari təmir işləri görüldü. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında
əsaslı təmir işləri həyata keçirildi. Digər işğal altında olan torpaqlarımızda
bu cür qəsəbələrin salınacağı, yeni evlərin tikiləcəyi, yaşayışın bərpa
olunacağı gün isə çox uzaqda deyil. Bunu Tovuz döyüşləri və rəşadətli Azərbaycan
Ordusunun əldə etdiyi qələbə də bir daha sübut etdi ki, həmin gün çox yaxındadır. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Ceyhunə Hüseynova, Mədəniyyət Mərkəzinin müdiri Zahidə Həsənova, Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru Solmaz Babanlı, MKS-nin işçisi Elnarə Məmmədova,
Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Molla Pənah Vaqif və
Molla Vəli Vidadinin ev muzeyinin direktoru Məhruzə Hüseynova çıxış edərək son
günlər ölkəmizdə yaşanan vəziyyət və Tovuz hadisələri barədə fikirlərini
bölüşüblər. Dövlətin və ölkə rəhbərinin hər zaman vətəndaşların yanında olmasını
razılıq və minnətdarlıq hissi ilə qarşıladıqlarını bildiriblər. Tovuz hadisələri
zamanı vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması üçün sərəncamın verilməsini,
şəhid ailələrinin diqqət mərkəzində saxlanılmalarını dövlət qayğısının bariz
nümunəsi kimi qeyd ediblər. Çıxış edənlər bildiriblər ki, minlərlə insanın ordumuza
dəstək üçün bir araya gəlməsi, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin
çağırışına səs verən 50 mindən çox insanın yenidən ordu sıralarına yazılması
ölkəmizdəki birliyin, həmrəyliyin əyani göstəricisi oldu. Və hər bir Azərbaycan
vətəndaşı həmin birliyi özündə əks etdirən görüntüləri qürur hissi ilə izlədi.
Bütün dünya dövlətləri də bir daha şahidi oldular ki, Azərbaycan güclü dövlətdir
və xalq hər zaman dövlətinə, ölkə rəhbərinə arxalanır.
GOYEZEN.AZ
G.Quluyeva qeyd edib ki, dövlətimiz Azərbaycanın ərazi
bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri də heç vaxt unutmur, onlara
və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz
rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin
qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət
başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid
polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Birinci vitse-prezident
Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər
Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün
qayğıları daim Fondun nəzarətində olacaq. Artıq Fondun nümayəndələrinin Yuxarı
Salahlı kəndində olaraq şəhid mayor Namiq Əhmədovun ailəsinə də baş çəkdiklərini
bildirib. Şəhidlərimizlə
yanaşı, yaralılarımızın olduğunu və bu gün onlara da dövlət tərəfindən diqqət və
qayğı göstərildiyini qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun Azərbaycan-Ermənistan dövlət sərhədinin
Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını
alarkən yaralanmış çavuş İsmayılov Səyyar Şərif oğlunun ailəsinə baş çəkməsini,
qayğıları ilə maraqlanmasını göstərilən dövlət qayğısının bariz nümunəsi kimi
göstərib.
Facebook-da paylaş