• Təqvim

  • Unutma

  • Maraq



Mədəniyyət sahəsində çalışan işçilər də “Açıq qapı” günlərində iştirak ediblər


Azərbaycan xalqının Ümummilli Lideri, bütün dünya türklərinin əvəzsiz şəxsiyyətlərindən biri, XX əsr dünya siyasətində xüsusi yeri olan, müstəqil Azərbaycan dövlətinin yaradıcısı, müdrik siyasətçi və müdrik insan Heydər Əlirza oğlu Əliyevin xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda göstərdiyi misilsiz xidmətlər qədər ikinci bir dövlət adamı xidmət göstərməmişdir. Bu mənada O, xalqımızın iftixarı, ürəklərdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz böyük azərbaycanlı  idi. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan, tək Azərbaycan səviyyəsində deyil, beynəlxalq miqyasda sözünün gücü olan lider idi. Bu gün ölkəmiz Onun apardığı siyasətin uğurlarını hiss edir və onunla yaşayır. Bütün bu keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində özünə isti yuva qurmuş Dahi insanın xatirəsi heç vaxt unudulmur, qədirbilən Azərbaycan xalqı daim onu qürurla və məhəbbətlə anır.

Qazax Rayon Heydər Əliyev Mərkəzində artıq ənənə halını almış "Açıq qapı” günləri də məhz bu amala xidmət edir. Hər il təşkil edilən "Açıq qapı” günlərinin əsas məqsədi dahi şəxsiyyətin gələcək nəsillərə örnək olan həyatını və siyasi fəaliyyətini, Azərbaycanın müstəqil və suveren dövlət kimi tanınması üçün apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Heydər Əliyev məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etməkdir.

Bu məqsədlə rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar. 

Bugünkü "Açıq qapı” günündə isə Qazax Rayon Mədəniyyət şöbəsinin, Qazax Dövlət Dram Teatrının, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, M.P.Vaqif və M.V.Vidadinin xatirə Muzeyinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, şəhər 1 və 2 nömrəli Uşaq Musiqi Məktəblərinin əməkdaşları müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin xatirəsini yad etmək üçün gün ərzində abidəni ziyarət ediblər. Mərkəzin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Zamanın dühası" başlıqlı sərgi ilə tanış olublar. Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin hər bir anını əks etdirən mühazirələr dinləyib, "Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı filmə baxıblar.

Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcək.







GOYEZEN.AZ



Facebook-da paylaş