• Təqvim

  • Maraq



Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü qeyd olunub


Fevralın 13-də ölkəmizin hərb quruculuğuna öz töhfəsini verən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13 ili tamam olur. Hərbi sahədə aparılan islahatların nəticəsi olaraq Respublika Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Dövlət Xidməti yaradıldığı gündən hər zaman Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Dövlət Xidməti yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə müvəffəqiyyətlər qazanıb. Bu gün Xidmətin hər bir əməkdaşının amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq qalacaq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlar.


Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü qeyd olunub.

Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış olub, əziz xatirəsini böyük ehtiramla anıblar. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov başda olmaqla, Xidmətin, eləcə də Qazax Rayon Şöbəsinin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini və ən xoş arzularını çatdırıb.



Facebook-da paylaş