• Təqvim

  • Maraq



Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 12-ci ildönümü qeyd olunub


Fevralın 13-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasından 12 il ötürHərbi sahədə aparılan islahatların nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Dövlət Xidməti Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.


Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 12-ci ildönümü qeyd olunub.

Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, Qazax Rayon Məhkəməsinin sədri Nemət Musayev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov, Şöbənin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış olub, əziz xatirəsini böyük ehtiramla anıblar. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov başda olmaqla, Xidmətin, eləcə də Qazax Rayon Şöbəsinin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov onlara göstərilən diqqət və qayğıya, dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Qarşılıqlı əməkdaşlığa görə hüquq-mühafizə orqanlarının rəhbərlərinə razılığını ifadə edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin şəxsi heyətinin bundan sonra da Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarına sadiqliyini hər zaman davam etdirəcəyini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərb quruculuğu prosesinə layiqli töhfələr verərək dövlətçiliyə daha sədaqətlə xidmət edəcəyini bildirib. 

Qeyd edək ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanı ilə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən 12 il ərzində qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsini təmin etmişdir. Xidmət yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə nailiyyətlər qazanıb. Ordu quruculuğu prosesinin tərkib hissəsi kimi ölkəmizdə çağırış və səfərbərlik işini tənzimləyən modern mexanizmin formalaşdırılması uğurla həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəyə rəhbərliyi müstəqil Azərbaycanın iqtisadi inkişafı, ordu quruculuğu, islahatların miqyasının genişləndirilməsi və digər strateji önəm daşıyan istiqamətlərdə uğurların qazanılması ilə xarakterizə olunur. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasətin, həyata keçirdiyi islahatların nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri gündən-günə daha da möhkəmlənib, döyüş qabiliyyətini artırıb.

Azərbaycan Respublikası Prezidentinin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq sərəncamlarının icrasının təmin edilməsi məqsədilə çağırış yaşlı vətəndaşların qanunamüvafiq qaydada çağırışa cəlb edilməsi və xidmət keçmək üçün təyin olunduqları hərbi hissələrə təhvil verilməsi Xidmət tərəfindən uğurla həyata keçirilir.

44 günlük Vətən müharibəsi zamanı təsdiq edilmiş plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilərin Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunması, Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi-nəqliyyat vasitələri ilə təmin olunması müvəffəqiyyətlə icra edildi.

Ölkəmizdə bu gün yürüdülən siyasətin mərkəzində insan amili mühüm rol oynayır ki, burada da əsas məqsəd vətəndaşlara xidmət, vətəndaş məmnunluğunun təmin edilməsidir. Xidmət rəisi tərəfindən respublikanın müxtəlif regionlarında keçirilən qəbullar zamanı vətəndaşların bir sıra müraciətləri yerində həllini tapır, araşdırılması tələb olunan müraciətlər qeydiyyata alınaraq icrası ilə əlaqədar müvafiq tədbirlər görülür.

Gənc nəslin Vətənə sədaqət, milli adət və ənənələrə hörmət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə edilməsi işi onların yeniyetməlik dövründən başlayır. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə respublikanın müxtəlif bölgələrində aidiyyəti dövlət qurumları və ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, müharibə veteranlarının, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə mütəmadi olaraq maarifləndirici görüşlər təşkil edilir.

Dövlət Xidməti hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır. Belə ki, xidmətin şəxsi heyətinin komplektləşdirilməsi zamanı bilik və fiziki hazırlığın yoxlanılması prosesini uğurla keçən 21 nəfər Vətən müharibəsi iştirakçısı işə qəbul edilərək Xidmət rəisi tərəfindən onlara xidməti vəsiqələri təqdim olunub.

Bu gün Xidmətin hər bir əməkdaşının amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq qalacaq, Prezident, Ali Baş Komandan İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaq.

GOYEZEN.AZ



Facebook-da paylaş