Qazaxda “Gənclər həftəsi” çərçivəsində görüş keçirilmişdir
Respublika mətbuatı Qazax haqqında
Gənclər və İdman Nazirliyinin “Gənclər həftəsi” çərçivəsində keçirdiyi düşərgənin iştirakçıları ilə Qazaxda görüş olmuşdur.
Düşərgə iştirakçıları bir həftə ərzində komanda quruculuğu, liderlik, fərdi inkişaf mövzularında təlimlər, intellektual yarışlar, hüquqi maarifləndirmə sessiyaları, musiqili gecələr və peşəkarlarla görüşlər keçirmişlər.
Düşərgədə Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, Kürdəmir, Ucar, Göyçay, Zərdab, Ağdaş, Yevlax, Mingəçevirdən olmaqla, ümumlikdə, 93 nəfər gənc iştirak etmişdir.
Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə düşərgə iştirakçıları üçün rayonun görməli yerlərinə ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı və Göyəzən filialları, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi, Qazax Rayon Heydər Əliyev Mərkəzi, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Ədəbiyyat Muzeyi, Fəxri Qazaxlılar parkı, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Şəhidlər Xiyabanı, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi haqqında iştirakçılara ətraflı məlumatlar verilmişdir.
Düşərgənin fəaliyyəti dövründə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul işçiləri düşərgə iştirakçıları ilə görüşmüşlər. Görüşdə çıxış edən R.Babaşov qonaqlara rayonun tarixi, bu günü, tarixi şəxsiyyətləri, sosial-iqtisadi göstəriciləri, kənd təsərrüfatı, istehsal və sənaye müəssisələri, elm, təhsil, mədəniyyət, idman sahələrində əldə olunan nailiyyətlər haqqında məlumat vermişdir.
Sonra Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Mahmud Məmmədzadə çıxış edərək onlara göstərilən qonaqpərvərliyə və vaxt tapıb onlarla görüşə gəldiyinə, eləcə də düşərgənin yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə rayon rəhbərliyinə razılığını ifadə etmişdir.
Sabir ƏLİYEV,
“Azərbaycan” qəzetinin bölgə müxbiri
8 fevral 2025-ci il
Facebook-da paylaş