• Təqvim

  • Maraq



Qazaxda icra başçısı Vətən müharibəsi şəhidinin övladının kiçik toy məclisində iştirak edib və xoş arzularını çatdırıb


Şəhidlik zirvəsinə ucalmaq Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, igid, məğrur, qorxmaz oğullara nəsib olur. Bu yüksəkliyə ucalan qəhrəmanlar isə ölmürlər, əksinə, ölümləri ilə əbədilik qazanırlar. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində igid, cəsur, qəhrəman Azərbaycan oğulları döyüş meydanında göstərdikləri şücaətlə bunu bir daha nümayiş etdirdilər. 44 günlük savaşda Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin “İrəli” əmrini layiqincə yerinə yetirən igid oğullar torpaq, el-oba, yurd uğrunda qəhrəmancasına vuruşdular. Qanları ilə tarix yazaraq Şəhidlik zirvəsinə ucaldılar. Uca zirvəyə yüksəlməklə Vətəni canımız bahasına olsa belə göz bəbəyi kimi qorumağı bizlərə əmanət qoyub getdilər. Qəhrəman oğulların şücaəti sayəsində sentyabrın 27-dən başlayıb noyabrın 10-dək davam edən Vətən müharibəsi - İkinci Qarabağ müharibəsi Azərbaycan Milli Ordusunun tarixi Zəfəri ilə başa çatdı, 30 il davam edən işğala son qoyuldu. Ən əsası da 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarını əldə rəhbər tutan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri Vətən torpaqlarının ərazi bütövlüyü naminə bir yumruq kimi birləşdilər və qəhrəmancasına vuruşdular. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.


Kapitan Pənahov Rövşən Mahmud oğlu da İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarından biridir. Doğum günündə torpağa tapşırılan şəhid kapitanımızın əziz xatirəsi hər zaman dərin hörmət və ehtiramla anılır. Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra Ali Baş Komandanın müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Rövşən Pənahov kimi oğullarımızın sayəsində işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Bu gün – iyunun 28-i igid Vətən oğlunun ailəsində xoş gündür. Qəhrəman şəhidimizin ruhu şaddır, bu gün övladı Elay Pənahzadənin kiçik toyudur. Bu gün şəhidimizin ailəsinin xoş gününə ailəsi ilə barabər, hər kəs şahidlik edir. 



Rəhbər təyin olunduğu ilk gündən şəhid ailələrinə, qazilərimizə qayğı ilə yanaşan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid övladının xoş günündə onun yanında olub. Rayon rəhbəri icra aparatının məsul şəxsləri ilə birlikdə şəhidin övladının kiçik toy məclisində iştirak edib. Şəhidimizin atasına, anasına, həyat yoldaşına gözaydınlığı verən icra başçısı səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyib. ”Tək dövlət məmuru olaraq deyil, həm də vətəndaş olaraq hər birimizin borcudur ki, şəhid ailələrinin, qazilərimizin, müharibədə iştirak edən oğulların yanında olaq. Onların kədərli günlərində olduğu kimi, sevincli günlərinə də şahidlik edək. Bu gün özümə borc bildim ki, qəhrəman şəhidimizin övladının xoş günündə yanında olum”, - deyən icra başçısı şəhidimizin yadigarına xoş arzularını, təbriklərini səsləndirib. İcra başçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib, onlarla qürur duyduğumuzu söyləyib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib.

Şəhid Rövşən Pənahov 2 oktyabr 1989-cu ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1995-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1996-2004-cü illərdə Birinci Şıxlı kənd ümumi orta məktəbin 9-cu sinifini bitirmişdir. 2004-2006-cı illərdə Birinci Şıxlı kənd tam orta məktəbi bitirmişdir. Həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil  olmuşdur. 2010-cu ildə həmin Ali Hərbi Məktəbi bitirmişdir. 2010-2011-ci illərdə təlim keçmək üçün Bakıda müxtəlif hərbi hissələrdə xidmət etmişdir. 2011-ci ildə Naftalan  şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdir. 2014-2020-ci illərdə müxtəlif “N” saylı hərbi hissələrdə xidmət göstərmişdir. 

Rövşən Pənahovun xidməti, tapşırıqları yerinə yetirməsi, ümumiyyətlə, bütün fəaliyyəti nümunəvi idi. Ona gərə də Müdafiə Nazirliyi tərəfindən medallarla təltif olunmuşdur. 24.06.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley, 26.06.2017-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və 26.06.2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. Eyni zamanda, bir neçə Fəxri Fərman da almışdır. 

Kapitan Pənahov Rövşən Mahmud oğlu 2 oktyabr 2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid olduğu gün Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı - Nilay adlı qız, Elay adlı oğul övladı yadigar qalıb. 

Şəhid kapitanımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra  ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Birinci Şıxlı kəndində yaşadığı evin önündə barelyefi vurulub.




Facebook-da paylaş