• Təqvim

  • Maraq



Qazaxda icra başçısı səhiyyə sahəsində çalışan bir qrup tibb işçisini peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib


Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. İyunun 17-si onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 17 iyun 1918-ci il tarixli Sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunub. İlk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, Səhiyyə Nazirliyinin təşkil olunduğu tarix - iyunun 17-si ölkədə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Respublikamızın hər yerində olduğu kimi, Qazax səhiyyəsində çalışan tibb işçilərinin də peşə bayramı qeyd edilib. İyunun 14-də Qazax Rayon İcra Hakimiyyətində 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova və tibb işçiləri iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə çalışan bir qrup tibb işçisini 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə sahəsində uzun illər səmərəli fəaliyyətinə və əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirdiklərinə görə Fəxri Fərmanla təltif edib. “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Məmmədova Sevda Abbas qızına, Laboratoriya şöbəsinin müdiri Əliyeva Sevinc Mədəd qızına, Aslanbəyli kənd həkim məntəqəsinin müdiri Əliyeva Simuzər İsə qızına, Poliklinika şöbəsində həkim dermatoveneroloq Qocayeva Yeganə Mustafa qızına, Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevt Qocayeva Sədaqət Bəhram qızına Fəxri Fərmanlar təqdim olunub.


İcra başçısı Rəcəb Babaşov tibb işçilərini 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı əhalinin sağlamlığının keşiyində dayanan həkimlərimizin əməyinin danılmaz olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi qayğıdan söz açan icra başçısı həmin qayğının, səmimi münasibətin bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. Dövlətin, ölkə rəhbərinin qayğısı sayəsində səhiyyə sahəsinin ildən-ilə inkişaf etdiyini söyləyib. Ölkəmizdə səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğı, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin ildən-ilə əhəmiyyətli dərəcədə yaxşılaşdığını söyləyib. Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyevin səhiyyə sahəsində çalışan insanların əməyinə hər zaman yüksək qiymət verdiyini, hər il onlara fəxri adların, medalların verilməsi ilə bağlı Sərəncamlar imzaladığını qeyd edib. Uzun illər səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən Qazaxımızın dəyərli həkimi Novruzov Əşrəf Murad oğlunun da ölkə başçısının müvafiq Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunduğunu vurğulayıb. Ölkə başçısının bu addımını Əşrəf həkimin timsalında Qazax səhiyyəsində çalışan tibb işçilərinə verilən dəyərin bariz nümunəsi kimi qiymətləndirib. Ölkə Prezidentinə səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğıya görə qazaxlı səhiyyə işçiləri adından bir daha minnətdarlığını bildirib. Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışan icra başçısı bunun əyani təzahürü olaraq ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə 2020-ci ilin 3 martında istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib. Rayon rəhbəri mənfur düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə qazaxlıların, xüsusilə də səhiyyə sahəsində çalışan insanların ölkə başçısı İlham Əliyevə bu gün də minnətdarlıq etdiklərini söyləyib. 


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərindən, əhalinin vaksinasiyası sahəsində görülən işlərdən söz açan icra başçısı bu işdə, əhalinin peyvəndlənməsi sahəsində uğurun əldə olunmasında həkimlərin, tibb işçilərinin böyük əməyi olduğunu vurğulayıb. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində, xüsusilə də əhalinin vaksinasiya olunmasında gördükləri işlərin danılmaz olduğunu söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışan icra başçısı bizlərə şanlı qələbəni bəxş edən qəhrəman oğullarımızı unutmadığımızı, onlarla hər zaman fəxr edib, qürur duyduğumuzu bildirib. 44 günlük savaşda əldə etdiyimiz Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. İcra başçısı istər koronavirus pandemiyası ilə mübarizədə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdiklərini bildirib. Həkimlərimizin həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq göstərdiklərini vurğulayıb. Rayon rəhbəri sağlamlığımızın keşiyində dayanan tibb işçilərini bir daha təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. 

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova və başqaları səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə xəstəxananın kollektivi adından təşəkkür ediblər. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşü və təbriki onlara olan qayğının daha bir bariz nümunəsi kimi qiymətləndiriblər. Bu gün öz peşə bayramlarını yüksək səviyyəli xəstəxanada qeyd etmələrinə görə dövlətimizə, ölkə başçısına minnətdar olduqlarını qeyd ediblər. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildiriblər.

Sonda səhiyyə işçiləri ilə xatirə şəkli çəkdirilib.




Facebook-da paylaş