Prezident İlham Əliyev: ”Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək”
Cari ilin 8 iyun tarixi Prezident İlham Əliyevin Qahirədə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatla yadda qaldı.
Ölkə başçısı bildirdi ki, cari səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır. Bu siyasi dialoq bundan sonra da davam ediləcək.
Ölkə rəhbəri qeyd etdi ki, bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur.
Dövlət başçısı vurğuladı ki, Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.
Prinsipial mövqedən söz açan dövlət başçısı söylədi ki, Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır.
Ölkə başçısı bildirdi ki, Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Danışıqlar prosesində irəliləyiş üçün yaxşı imkanlar var. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır.
Ölkə başçısı vurğuladı ki, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır. İki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir.
Dövlət başçısı diqqətə çatdırdı ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. İmzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəni artıracaqdır. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır.
Cari ilin 8 iyun tarixində imzalanmış Azərbaycan-Misir sənədləri iki ölkə arasında olan əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyət daşıyacaq. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” iki ölkənin inkişafına xidmət edən sənədlərdir.
Azərbaycan-Misir əlaqələrinin tarixinə qısa baxış etsək bir daha şahidi olarıq ki, Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var.
Facebook-da paylaş